"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının məbləği 2026-cı il üzrə ölkədə nominal orta aylıq əməkhaqqının artım faizinə uyğun indeksləşdiriləcək".
Referans Media xəbər verir ki, bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputatın sözlərinə görə, artımın dəqiq faizi 2026-cı ilin yekunları məlum olduqdan sonra müəyyənləşəcək:
"Belə ki, ilin başa çatmasının ardından orta aylıq əməkhaqqındakı artım göstəricisi Dövlət Statistika Komitəsi tərəfindən açıqlanacaq. Daha sonra müvafiq artımın həyata keçirilməsi üçün Prezident tərəfindən sərəncam imzalanacaq.
Pensiyaların indeksləşdirilməsi bütün növ əmək pensiyalarını əhatə edəcək. Beləliklə, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası alan vətəndaşların ödənişləri 2026-cı ildə orta aylıq əməkhaqqının qeydə alınan artım faizinə uyğun artırılacaq.
Pensiyaların neçə faiz artacağı isə rəsmi statistik göstəricilər elan edildikdən sonra dəqiqləşəcək".
