Azərbaycanlı uşaqları məktəbdən hədəf alan Sərrafın gerçək kimliyi – FAKTLAR

İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda məktəblilərin geyim normaları barədə qərara münasibətinə rəsmi Bakıdan sərt reaksiya verilib. Elm və Təhsil Nazirliyi Sərrafı Azərbaycanın daxili işlərinə müdaxiləyə cəhddə ittiham edib.

Bəs Azərbaycanı hədəf alan Hüseyn Simayi-Sərraf əslində kimdir və nələr edib?

Referans Media xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-ın araşdırmasına görə, Sərraf Ermənistanla bağlı müsbət açıqlamaları və mövqeyi ilə tanınır.

Andreasyanla görüş

2025-ci il sentyabrın 8-də Simayi-Sərraf İrana səfər edən Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyanla görüşüb. Görüşün nəticəsi olaraq iki ölkə arasında 2025–2029-cu illəri əhatə edən təhsil sahəsində əməkdaşlıq memorandumu imzalanıb.

İranlı nazir İranın böyük universitet potensialına və elmin müxtəlif sahələrində uzunmüddətli təcrübəyə malik olduğunu bildirib. O, erməni həmkarını İranın elm və texnologiya parkları ilə tanış olmağa dəvət edib.

Müəllim mübadiləsi

Tərəflər universitetlər arasında əlaqələrin qurulması, müəllim və alim mübadiləsi, təhsil proqramlarının paylaşılması və diplomların qarşılıqlı tanınması imkanlarını müzakirə ediblər.

İki ölkə arasında imzalanan memorandum elmi və təhsil əlaqələrinin institusional əsasda genişləndirilməsini nəzərdə tutur. Sənədə əsasən, ali təhsil müəssisələri arasında birbaşa əlaqələr qurulması, professor və müəllimlərin qarşılıqlı səfərləri, eləcə də təhsil sistemləri barədə məlumat mübadiləsi planlaşdırılır.

İrəvanın müharibə zamanı İrana “dəstəyi”

2026-cı il martın 31-də Hüseyn Simayi-Sərraf Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyanla telefon danışığı aparıb.

İranın “Tasnim” agentliyinin məlumatına görə, Simayi-Sərraf danışıq zamanı ABŞ və İsrailin İrana qarşı müharibəsi dövründə Ermənistan xalqının və hökumətinin göstərdiyi maddi və mənəvi dəstəyə görə təşəkkür edib.

O, İranın müharibə tərəfdarı olmadığını bildirib və son iki müharibədə qarşı tərəfin siyasi danışıqlar zamanı diplomatiyaya xəyanət etdiyini iddia edib.

Qarabağla bağlı sükutu

Hüseyn Simayi-Sərrafın ermənilərin Qarabağda törətdikləri dağıntılar, məscidlərin təhqir olunması və dini abidələrin təyinatından kənar istifadə edilməsi barədə susması diqqət çəkir. İşğal dövründə Azərbaycanın bir sıra məscidlərinin yararsız vəziyyətə salınması və bəzilərində heyvan saxlanılması ilə bağlı yayılan faktlar fonunda İran rəsmisinin bu məsələlərə münasibət bildirməməsi suallar yaradır.

Azərbaycanda vahid məktəbli formasını “hicab qadağası” kimi təqdim edən və məsələni dinə qarşı münasibət kontekstində şərh edən Simayi-Sərrafın Ermənistanla münasibətlərə yanaşması da müqayisə üçün əsas yaradır. Belə ki, dini həssaslıqdan danışan bir rəsm şəxsin Qarabağda müsəlmanların dini irsinə vurulmuş zərər barədə mövqe bildirməməsi birmənalı qarşılana bilməz.

İranda milyonlarla azərbaycanlıya doğma ana dilində təhsil hüququ tanımayan bir sistemin nazirinin Azərbaycandakı şagirdləri hədəf almağa çalışması siyasi manipulyasiyadan başqa bir şey deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki