Yuxu yalnız istirahət deyil, sağlam həyatın əsas tərkib hissəsidir. Ekspertlər bildirir ki, yuxu ehtiyacı yaşdan asılı olaraq dəyişir və təkcə yuxu müddəti deyil, yuxuya getmə vaxtı və yuxu keyfiyyəti də vacib rol oynayır.
Körpəlikdən yetkinliyə qədər bədənin istirahət tələbləri fərqlidir və yaşlandıqca həm yuxu müddəti, həm də yuxu keyfiyyəti dəyişir.
Referans Media xəbər verir ki, mütəxəssislərin tövsiyələrinə görə, hər yaş üçün ideal yuxu müddətləri belədir:
Yenidoğulmuşlar (0-3 ay) gündə 14-17 saat, 4-12 aylıq körpələr 12-16 saat, 1-2 yaş arası uşaqlar 11-14 saat yatmalıdır. Məktəbəqədər uşaqlar (3-5 yaş) üçün ideal yuxu 10-13 saat, məktəb yaşlı uşaqlar (6-12 yaş) isə 9-12 saatdır. Yeniyetmələr (13-17 yaş) gündə 8-10 saat yuxuya ehtiyac duyur. Böyüklər (18-64 yaş) gündə 7-9 saat yatmalı, yaşlı yetkinlər (65+) isə gündə 7-8 saat yuxu ilə kifayətlənə bilərlər.
Həkimlər həmçinin qeyd edirlər ki, gecəlik dərin yuxu 1,5-2 saat, REM yuxusu isə ümumi yuxunun 20-25%-ni təşkil etməlidir. Bu yuxu mərhələləri bədənin bərpası və beynin istirahəti üçün həyati əhəmiyyət daşıyır.
Yuxu rejimi yalnız fiziki sağlamlıq üçün deyil, həm də əhval-ruhiyyə, yaddaş və diqqət qabiliyyətinin qorunması üçün vacibdir. Hər yaşa uyğun yuxu planı yaratmaq gündəlik enerji səviyyəsini artırır, immuniteti gücləndirir və həyat keyfiyyətini yüksəldir. Ekspertlər tövsiyə edir ki, yuxu saatlarını mümkün qədər müntəzəm saxlamaq gecə saatlarında elektron cihazlardan uzaq durmaq və rahat yuxu mühiti yaratmaq sağlam yuxu üçün vacib addımlardır.sfera.az























