Himalay böhranı: Üç ölkə 1816-cı il xəritəsinə görə mübahisə edir

Hindistan və Çin Himalayda yerləşən strateji dağ keçidinin fəaliyyətinin bərpası barədə razılığa gəlsələr də, bu qərar keçidi öz ərazisi hesab edən Nepalın kəskin etirazına səbəb olub.
Referans Media xəbər verir ki, bu barədə "Antena 3 CNN” məlumat yayıb.

Mübahisə Kalapani–Limpiyadhura–Lipulex bölgəsi ətrafında yaranıb. Qədim zəvvar marşrutunun keçdiyi bu ərazi Hindistan, Nepal və Çin sərhədlərinin qovşağında yerləşir. Məhz burada region üçün mühüm strateji və ticarət əhəmiyyətinə malik Lipulex keçidi yerləşir.

Pekin və Nyu-Dehli arasında keçidin yenidən açılması ilə bağlı razılaşma əldə edildikdən sonra Nepal hakimiyyəti qərarın onların mövqeyi nəzərə alınmadan qəbul edildiyini bildirib.

Nəşrin yazdığına görə, sözügedən ərazi ilə bağlı mübahisə uzun tarixə malikdir. Nepal Kalapani–Limpiyadhura–Lipulex bölgəsinin tarixi sənədlərə əsasən ona məxsus olduğunu iddia edir. Hindistan isə onilliklərdir bu əraziyə nəzarət edir və onu öz dövlət ərazisinin bir hissəsi hesab edir. Çin isə Tibet Muxtar Rayonuna nəzarət edən tərəf kimi keçiddən istifadə ilə bağlı razılaşmalarda iştirak edir.

Məqalədə qeyd olunur ki, hazırda diqqət XIX əsrin əvvəllərinə aid tarixi xəritə və sənədlərə yönəlib. Tərəflər xüsusilə 1816-cı ildə İngiltərə-Nepal müharibəsindən sonra Nepal ilə Britaniya Hindistanı arasında sərhədləri müəyyən edən Suqauli müqaviləsinin müddəalarına istinad edirlər. Buna görə də həmin dövrə aid xəritələrin tapılması və ətraflı araşdırılması ilə bağlı çağırışlar getdikcə artır.

Problemin əsas səbəbi tarixi mənbələrin və müqavilədə sərhəd göstəricisi kimi qeyd olunan Kali çayının məcrasının fərqli şəkildə şərh edilməsidir. Çayın mənbəyinin dəqiq yerləşdiyi yer mübahisəli ərazinin hansı dövlətə məxsus olmasının müəyyənləşdirilməsində həlledici rol oynayır.

Müşahidəçilərin fikrincə, məsələni qısa müddətdə həll etmək çətin olacaq. Çünki mübahisə eyni vaxtda üç dövlətin tarixi, siyasi və strateji maraqlarını əhatə edir. Buna görə də 1816-cı ilə aid sənəd və xəritələrin araşdırılması tərəflərin ərazi iddialarını əsaslandırmaq cəhdlərində mühüm mərhələlərdən biri hesab olunur.

Himalayda sərhəd mübahisələri

Daha əvvəl xəbər verildiyi kimi, Hindistan və Çin Himalay boyunca uzanan ortaq sərhəd bölgəsində hərbi və nəqliyyat infrastrukturuna böyük sərmayələr yatırırlar. Bu proses xüsusilə 2020-ci ildə baş vermiş sərhəd toqquşmalarından sonra sürətlənib.

Həmin dövrdə Çin inkişaf etmiş avtomobil və dəmir yolu şəbəkəsi sayəsində qoşunlarını sürətlə bölgəyə yönləndirə bilmişdi. Hindistan isə logistika imkanlarının məhdudluğu səbəbindən geridə qalmışdı.

Buna cavab olaraq Nyu-Dehli Zojila tunelinin tikintisi, eləcə də Ladax və Panqonq Tso gölü ətrafında yeni yolların, körpülərin, uçuş-eniş zolaqlarının və helikopter meydançalarının inşasını əhatə edən genişmiqyaslı layihələrə başlayıb.

Analitiklər xəbərdarlıq edirlər ki, bu cür infrastruktur rəqabəti mübahisəli sərhəd bölgələrində yeni qarşıdurmaların yaranması riskini daha da artırır./Qaynarinfo 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki