Türkiyənin Bursa şəhərində dini nikahla yaşadığı, iki övladının anası olan 20 yaşlı Arzu Xəlilovanı 146 dəfə qayçı ilə vuraraq öldürməkdə təqsirləndirilən 28 yaşlı Azərbaycan əsilli Salican Mehmetin məhkəməsi davam edir.
Referans Media Türkiyə mediasına istinadla xəbər verir ki, prokuror təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilməsini tələb edib.
Hadisə 2025-ci il noyabrın 3-də Bursanın Yıldırım rayonunda baş verib. İstintaq materiallarına görə, Salican Mehmetlə Arzu Xəlilova arasında mübahisə yaranıb. Mübahisə zamanı kişi qadına qayçı ilə çoxsaylı zərbələr endirib.
Təqsirləndirilən şəxs ifadəsində hadisənin səbəbini belə izah edib:
“Həyat yoldaşım mənə "uşağa bax" dedi. Mən də "baxıram" cavabını verdim. O, yenə eyni sözü təkrarlayanda əsəbiləşdim. Çünki əvvəlki gün də mübahisə etmişdik. Uşaq otağına gedib oradakı qayçını götürdüm. Sonra qonaq otağına qayıdaraq birbaşa həyat yoldaşıma hücum etməyə başladım”.
Ağır yaralanan qadın xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Məhkəmə-tibbi ekspertizası qadının bədənində 146 qayçı yarası aşkar edib. Onlardan 72-nin ayrı-ayrılıqda ölümə səbəb ola biləcək dərəcədə ağır olduğu müəyyənləşdirilib.
Araşdırma zamanı Salican Mehmetin əvvəllər qəsdən xəsarət yetirmə, narkotik vasitə saxlama və odlu silahlarla bağlı qanunvericiliyi pozma kimi əməllərə görə səkkiz cinayət qeydinin olduğu məlum olub.
Bundan başqa, onun barəsində Arzu Xəlilova ilə bağlı yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqəyə görə də hüquqi tədbir görüldüyü üzə çıxıb.
Təqsirləndirilən şəxs ifadəsində psixoloji problemlərinin olduğunu, hadisədən əvvəl 21 gün psixiatriya xəstəxanasında müalicə aldığını iddia edib.
Lakin İstanbul Məhkəmə-Tibb Qurumunun ekspertiza rəyinə əsasən, onun psixi sağlamlığının yerində olduğu müəyyən edilib.
Bursa 19-cu Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə prokuror cinayətin xüsusi amansızlıqla törədildiyini bildirərək Salican Mehmetin ağırlaşdırılmış ömürlük həbsə məhkum edilməsini istəyib.
Təqsirləndirilən şəxs isə peşman olduğunu, hadisə zamanı özünü idarə edə bilmədiyini deyərək azadlığa buraxılmasını xahiş edib.
Onun vəkili ekspertiza rəyinə etiraz edərək təkrar müayinə aparılmasını və müdafiə üçün əlavə vaxt verilməsini tələb edib.
Məhkəmə vəkilin əlavə vaxtla bağlı vəsatətini təmin edərək prosesi təxirə salıb./Lent.az/
