Azərbaycanda həkim HƏBS EDİLDİ

Əsgər ölümündə təqsirləndirilən hərbi həkim həbs olunub.


Referans Media xəbər verir ki, APA-nın əldə etdiyi xəbərə görə, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin cərrahiyyə bölməsinin baş ordinatoru N.A-nın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Füzuli Hərbi Məhkəməsində hakim Əli Süleymanovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Hökmə əsasən, təqsirləndirilən şəxs 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.


Məhkəmə zərərçəkmiş tərəfin mülki iddiasını da təmin edib. Belə ki, təqsirləndirilən şəxs qarşı tərəfə maddi ziyana görə 6 000 manat, mənəvi ziyana görə isə 3 000 manat ödəməlidir.


Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında baş verib.

İttihama görə, əsgər Əli İbrahimli özünü narahat hiss etdiyindən hərbi hissənin tibb məntəqəsinə müraciət edib. Növbətçi həkim tərəfindən müayinə olunduqdan sonra onda taxikardiya olduğu müəyyən edilib və başqa hərbi hissəyə təxliyə olunub.


Əsgər həmin hərbi hissənin cərrahiyyə bölməsinin baş ordinatoru N.A.-ya ürəyinin təxminən iki aydır ağrıdığını və tibb məntəqəsində müayinə zamanı onda taxikardiya aşkarlandığını bildirib.


Lakin təqsirləndirilən şəxs bu barədə aidiyyəti üzrə məlumat verməyib, klinik protokolun tələblərini pozub. Həmçinin zəruri müayinələr aparılmayıb. Həkim əsgərin yalnız təzyiqini ölçməklə kifayətlənib.


Təqsirləndirilən şəxs əsgərin təcili tibbi yardıma ehtiyacı olmasına baxmayaraq, onun xidmət etdiyi N saylı hərbi hissəyə qaytarılması barədə göstəriş verib. Hərbi hissəyə qayıtdıqdan qısa müddət sonra əsgərin səhhəti yenidən pisləşib. O, hospitala aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.


Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 342.1-1-ci (qulluq vəzifəsinə səhlənkar yanaşma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb və onun barəsində həbs qətimkan tədbiri seçilib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki