Səudiyyə Ərəbistanı və Küveytdəki ABŞ səfirlikləri müvəqqəti bağlanıb. Məlumatlara görə digər bir sıra ölkələrdəki ABŞ səfirliklərinin də müvəqqəti bağlanması gözlənilir. Artıq Səudiyyə Ərəbistanın paytaxtındakı ABŞ səfirliyinə dron zərbəsi endirildiyi xəbəri yayılıb. Bu da səfirliklərin qapadılmasının əsaslı olduğunu ortaya çıxarıb.
Bəs İranın digər ölkələrdəki ABŞ səfriliklərinə də zərbə endirməsi gözlənilirmi? Azərbaycandakı ABŞ səfirliyi də hədəfə alına bilərmi?
Referans Media xəbər verir ki ,Təhlükəsizlik eksperti İlham İsmayıl Musavat.com-a bildirib ki, İran yalnız Səudiyyə Ərəbistanı və Küveytlə kifayətlənəsi deyil. Körfəz ölkələri olan Bəhreyni, Qətəri və digər ölkələri də vurmağa hazırdır:
“Özləri də bəyan edib ki, 9 ölkə onların hədəfindədir. Konkret səfirliklərə zərbələr endirməyə gəlsək, İran əsasən körfəz ölkələrindəki ABŞ səfriliklərini hədəfə alıb və onları vurmaq ehtimalı çox güclüdür. İran yalnız Səudiyyə Ərəbistanı və Küveytdəki Amerika səfirliyini vurmaqla yekunlaşası deyil. Çünki körfəz ölkələrində hava hücumundan müdafiə sistemləri gözlənilən kimi yüksək keyfiyyətdə deyil. İran bunu bilir və bundan maksimum yararlanmaq istəyir. Təbii ki, hər bir zərbəyə ABŞ cavab verir. O ki, qaldı səfirliklərin bağlanması və ya təxliyyə edilməsi şübhəsiz təhlükəsizlik tədbirləridir. ABŞ görür ki, zərbə istənilən an endirilə bilər və İrana etibar yoxdur. İranın səfirlikləri vurmayacağına heç bir təminat yoxdur. İran səfirlikləri vura bilər. İran dirənişini göstərir”.
İlham İsmayıl qeyd edib ki, ABŞ-nin Bakıdakı səfirliyini vurmaq üçün isə heç bir əsas yoxdur:
“Azərbaycandan İran heç bir təhlükə yoxdur. İranın Bakıdakı səfirliyi vurması İranın ABŞ ilə yox, Azərbaycanla bütün münasibətlərinin korlanması demək olar. Dünən əgər İranın Azərbaycandakı səfiri Azərbaycana təşəkkür edib minnətdarlığını bildirib. Heç bir çərçivəyə sığmaz ki, Bakıdakı ABŞ səfirliyi vurulsun. İran belə bir risk etməz. Etsə bizi qarşısında daha çox görəcək, nəinki ABŞ-ni. Biz həmişə deyirik ki, öz ərzimizdən üçüncü ölkəyə qarşı istifadə edilməsinə imkan vermərik. İran o riski etsə burada ABŞ səfirliyini qorumaq adı ilə müəyyən razılıqla burada müəyyən bir hərbi baza yerləşdirmək istəyə, hava hücumundan müdafiə sistemləri qura və İranı körfəzdən olduğu kimi Azərbaycandan da vura bilər. Yəqin ki, İran bunu istəməz. Buna görə də İrandan Azərbaycana qarşı Bakıdakı ABŞ səfirliyini vurmaq kimi addımı atılması gözlənilən deyil. Düzdür, İran həm də proqnozlaşdırılmayan ölkədir. Biz başqa şeylərə diqqət yetirməli və ehtiyatlı olmalıyıq”.
İlham İsmayılın sözlərinə görə, ABŞ İrandan körfəz ölkələrinə bu qədər zərbələrin endiriləcəyini gözləmirdi: “Hər halda İran bir daha sübut elədi ki, onun dostları müsəlman ölkələri deyil. Onun dostları Rusiyadır, Şimali Koreyadır, Çindir. Bu, İrana yaxşı heç nə vəd eləmir”.





















