image-iran-lider-sura-ekspertbackend

İranla bağlı mümkün ssenari – Azərbaycan sərhəddə düşərgə sala bilər

Yaxın Şərqdə baş verən son hadisələr və regionda artan hərbi-siyasi gərginlik fonunda İran ətrafında mümkün ssenarilər yenidən gündəmə gəlib. Xüsusilə İranla həmsərhəd ölkələrə, o cümlədən Azərbaycana mümkün təsirlər, eləcə də ehtimal olunan qaçqın axını məsələsi müzakirə olunur.

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan mümkün qaçqın axını və sərhəd məsələlərinə münasibət bildirib.

S.Soltan qeyd edib ki, hazırkı mərhələdə vəziyyətin kritik həddə çatacağı və kütləvi köç dalğasının yaranacağı gözlənilmir.

“Belə bir şeyin baş verəcəyi inandırıcı deyil. Azərbaycanla İran arasında sərhədlər bağlıdır. Ümumiyyətlə, Azərbaycan bütün istiqamətlər üzrə pandemiya dövründən tətbiq edilən karantin rejimini saxlayır”, – deyə o vurğulayıb.

Bununla belə, siyasi şərhçi ehtimal ssenarini də istisna etməyib. Onun sözlərinə görə, əgər sərhəd bölgəsində çox sayda insan toplaşar və humanitar müraciət olarsa, Azərbaycan beynəlxalq öhdəliklərinə uyğun addım ata bilər:

“Azərbaycan–İran sərhədi yaxınlığında qaçqınlar üçün müvəqqəti düşərgələr salına bilər. İnsanlar həmin ərazilərdə müvəqqəti məskunlaşa bilərlər. Eyni addımı Türkiyə də ata bilər. Əgər sərhədə çoxlu sayda insan gəlib Azərbaycan hakimiyyətinə müraciət edərsə, rəsmi Bakı bu məsələyə laqeyd qalmaz. Bu, BMT Nizamnaməsinə və Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə uyğundur”.

İran-da kütləvi köç ənənəsinin olmadığını qeyd edən ekspert bildirib ki, tarixən ölkə əhalisi müharibə şəraitində belə toplu şəkildə ölkəni tərk etməyib.

“İran–İraq müharibəsi dövründə də əhali kütləvi şəkildə başqa ölkələrə üz tutmamışdı. İranda miqrasiya daha çox siyasi dəyişikliklərlə bağlı olub. Məsələn, şah rejiminin süqutundan və Ruhollah Khomeini hakimiyyətə gəldikdən sonra müəyyən qruplar ölkəni tərk etmişdi. Lakin ümumilikdə əhalinin bütövlükdə köç etməsi kimi bir ənənə yoxdur”.

Ekspert əlavə edib ki, imkanlı şəxslər istənilən böhran dövründə ölkədən müvəqqəti çıxış yolu tapa bilirlər.

“İmkanlı insanlar hər zaman olduğu kimi çamadanını yığıb ölkəni tərk edə bilər. Onların başqa ölkələrdə yaşamaq və əmlak almaq imkanları var. Amma əhalinin böyük əksəriyyətinin kütləvi şəkildə ölkəni tərk etməsi real görünmür”.

Siyasi şərhçi hesab edir ki, hazırkı şəraitdə panikaya əsas yoxdur və vəziyyətin genişmiqyaslı miqrasiya dalğasına çevriləcəyi gözlənilmir.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki