Misir ordusu Sinay yarımadasında, İsrail sərhədinə cəmi 100 metr məsafədə keçirəcəyi real döyüş sursatlı təlim bölgədə gərginlik yaradıb.
Referans Media xəbər verir ki, planlaşdırılan təlim 1979-cu il sülh sazişi çərçivəsində iki ölkə arasında koordinasiya olunsa da, İsrail tərəfi və sərhədə yaxın yaşayan sakinlər vəziyyətdən narahatlıq ifadə edib.
İsrail mediası bəzi vətəndaşların bu hərbi aktivliyi 7 oktyabr 2023 hadisələrindən əvvəlki gərgin dövrlə müqayisə etdiyini yazıb. Sərhəd bölgəsində yaşayan insanlar təlimlərin bu qədər yaxın məsafədə keçirilməsini təhlükə kimi qiymətləndiriblər.
İsrail parlamentində də məsələ müzakirə olunub. Hakim Likud partiyasından deputat Amit Halevi, Misirin Sinaydakı hərbi fəaliyyətini tənqid edərək bunun sülh razılaşmasına zidd ola biləcəyini iddia edib.
Sərhəd bölgəsində yaşayan bəzi sakinlər isə real güllələrlə keçirilən təlimlərin potensial risklər yaratdığını bildirərək narahatlıqlarını ifadə ediblər.
Misir tərəfi isə açıqlama verərək təlimlərin planlı və gündəlik hərbi hazırlıq çərçivəsində həyata keçirildiyini vurğulayıb.






















