İstidə bu içki bədəni "zəhərləyir" — Həkim açıqladı

Yay aylarında temperaturun yüksəlməsi ilə yanaşı orqanizmin maye tələbatı da artır və insanlar daha çox susuzluq hiss edirlər. Bu dövrdə xüsusilə enerji içkiləri və digər şirin, qazlı içkilərin istehlakı ilə bağlı suallar daha aktual olur. Bəs isti havalarda gün ərzində maksimum nə qədər enerji içkisi qəbul etmək olar?

Referans MEDİA-nın məlumatına görə, mövzu ilə bağlı terapevt Günay Lətifova Demokrat.az-a bildirib ki, ümumiyyətlə qazlı və yüksək şəkər tərkibli içkilər gündəlik qidalanmada məhdud şəkildə qəbul edilməlidir. Onun tövsiyəsinə görə, bu tip içkilərin gündəlik miqdarı yarım litri keçməməlidir.

"Bu cür içkilərin həddindən artıq qəbulu qanda insulin və qlükoza səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Nəticədə maddələr mübadiləsi pozula, uzunmüddətli dövrdə isə müxtəlif sağlamlıq riskləri yarana bilər. Xüsusilə enerji içkilərinin tərkibindəki bütün komponentlərin tam açıqlanmaması onların orqanizmə təsiri ilə bağlı əlavə risklər formalaşdırır.

Yay aylarında temperaturun yüksəlməsi və tərləmənin artması fonunda maye qəbuluna daha çox diqqət yetirilməsi vacibdir. Bu dövrdə əsas seçim kimi təmiz suyun qəbulu daha faydalı hesab olunur, çünki orqanizmin susuzluğunu ən düzgün şəkildə qarşılayır.

Enerji içkiləri ümumiyyətlə gündəlik rasiondan çıxarılsa daha məqsədəuyğundur. Əgər istifadə olunarsa, bu miqdar mütləq şəkildə nəzarətdə saxlanmalı və yarım litrdən artıq olmamalıdır", - deyə o bildirib.

Beləliklə, yay aylarında enerji və qazlı içkilərin nizamsız qəbulu insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Yüksək şəkər və naməlum komponentlər maddələr mübadiləsini pozaraq daxili orqanları zədələyir. İsti havalarda bədənin maye ehtiyacını təhlükəsiz şəkildə qarşılamaq və fəsadlardan qorunmaq üçün təmiz su ən ideal seçimdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki