Zəngəzur dəhlizi ilə bağlı YENİ XƏBƏR

ABŞ-də Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) layihəsinin (Zəngəzur dəhlizi) və digər regional layihələrin maliyyələşdirilməsi məqsədilə fondun yaradılması barədə qərar qəbul edilib.

Referans MEDİA-nın xəbər verdiyi kimi, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Baş nazir layihənin həyata keçirilməsi üçün lazım olan investisiyalar və kapital məsələsinə toxunaraq vurğulayıb ki, ABŞ proyektin maliyyələşdirilməsi ilə bağlı ən azı ilkin qərar qəbul edib, regional layihələrin, o cümlədən TRIPP-in maliyyələşdirilməsi üçün xüsusi fond yaradıb:

“Artıq böyük həcmdə vəsait ayrılıb, qalan hissə üzrə isə Ermənistan öz öhdəliklərini yerinə yetirəcək. Sənəd imzalanıb, indi isə ratifikasiya mərhələsindədir. Amma formal prosedurları gözləməməliyik, mümkün qədər tez irəliləməliyik. Bu, həm bizim, həm də ABŞ-nin mövqeyidir”.

f1LyQ5ramnSrNKwgEuk0oxI7oyq5ifJTng7I0clI_1200.jpg (175 KB)

Qeyd edək ki, belə bir fondun yaradılacağını ilk olaraq ABŞ-ın vitse-prezidenti J.D.Vens fevral ayında İrəvana səfəri zamanı açıqlamışdı. Mayın sonlarında seçkiöncəsi Nikol Paşinyana dəstək səfəri ilə İrəvana gələn ABŞ dövlət katibi Marko Rubio TRIPP üzrə iki ölkə arasında çərçivə sazişinin paraflanmasını həyata keçirib. Daha sonra ABŞ-da hazır sənədi imzalayaraq, təsdiq üçün Ermənistana göndərib, orada da sənəd xarici işlər naziri Arorat Mirzoyan tərəfindən imzalanaraq, ratifikasiyaya təqdim edilib.

Qeyd edək ki, nəqliyyat layihələrinin maliyyələşdirilməsi üçün xüsusi fondların yaradılması təcrübəsinə dünyada tez-tez rast gəlinir. Məsələn, dünya ticarətinin 16 faizinin keçdiyi məşhur Süveyş kanalının, Şimali və Cənubi Amerika arasında həyati əhəmiyyət daşıyan Panama kanalının tikintisi üçün zamanında dünyada böyük rezonansa səbəb olan xüsusi şirkətlər formalaşdırılmışdı.

Təcrübə göstərir ki, ABŞ-ın iştirak etdiyi belə layihələrdə yaradılan dəhliz-yol uzun müddət Vaşinqtonun idarəçiliyində qalır. 20-ci əsrin əvvəlində inşası başa çatdırılan panama kanalı belə layihələrdən ən böyüyüdür. Kanalı ilkin olaraq 19-cu əsrin sonlarında Süveyş kanalını tikən fransızlar tikməyə başlasalar da, 40 faiz işlər görüldükdən sonra pul çatışmadığına görə proses dayanıb. 1900-cü illərin əvvəlində ABŞ layihəni fransızlardan alıb, Panamanı müstəqillik mübarizəsinə qaldırıb, daha sonra özünə sərf edən şərtlərlə kanalın keçdiyi ərazini icarəyə götürüb. 1914-cü ildə kanal istifadəyə verilib. Uzunluğu cəmi 81 kilometr olan kanal, vaxtilə Nyu-Yorkdan San-Fransiskoya qədər olan 22,5 min kilometrlik dəniz yolunu 9,5 min kilometrə qədər azaldıb.

ABŞ kanala ümumilikdə 375 milyon dollar xərcləyib. O, ABŞ tarixində ən bahalı tikinti layihəsi hesab olunur.

Kanalın idarəetməsi ötən əsrin 60-cı illərində Panamada kəskin etirazlardan sonra imzalanan razılaşmaya əsasən 1999-cu ildən Panama dövlətinə verilib. Amma müqaviləyə görə, ABŞ kanalın qorunması üçün burada qoşun saxlayır.

Dünyada insan əli ilə yaradılan ən böyük qurğulardan biri olan Süveyş kanalını fransızlar və Osmanlı Türkiyəsinin yaratdıöl birgə fond istiqraz emissiyası ilə əldə etdiyi vəsait hesabına inşa edib. Lakin sonradan Böyük Britaniya kanalın 44 faiz səhmini əldə edib, bununla da kifayətlənməyərək Misiri işğal edərək ona tam sahiblənib. Hətta Misir müstəqil dövlət olduqdan sonra da Britaniya bu nəzarəti əlində saxladı. Yalnız 20-ci əsrin ortalarında Misirin ağır mübarizəsindən sonra kanal əvvəlcə neytral ərazi, sonra Misirin yurisdiksiyasında olan ticarət yolu kimi tanındı.

Dünyada nəqliyyat-logistika marşrutuna investisiya üçün yaradılan ən böyük fondlardan daha biri İpək Yolu Fondudur (Silk Road Fund). O, Çin hökuməti tərəfindən "Bir Kəmər, Bir Yol" təşəbbüsünü dəstəkləmək məqsədilə 2014-cü ilin dekabrında yaradılmış dövlət investisiya fondudur. Təsisçiləri  Çin Dövlət Valyuta İdarəsi, Çin İnvestisiya Korporasiyası, Çin İxrac-İdxal Bankı və Çin İnkişaf Bankıdır. Avrasiya, Afrika və digər inkişaf etməkdə olan bazarlarda infrastruktur və enerji layihələrinə sərmayə yatırır.

Fonda Çin dövləti tərəfindən ilkin olaraq 40 milyard ABŞ dolları və 100 milyard RMB vəsait ayrılıb. İnfrastruktur, enerji, resurslar, sənaye və maliyyə əməkdaşlığı sahələrində ortamlı və uzunmüddətli sərmayələr yatırır. 

DOLLAR.jpg (193 KB)

Azərbaycan da son illər İpək Yolu Fondu ilə əməkdaşlıq əlaqələri qurmaq, Çin-Mərkəzi Asiya-Xəzər dənizi-Azərbaycan-Avropa marşrutu ilə yükdaşımaları nəzərdə tutan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinə dəstək almağa çalışır. Hansı ki, bu dəhlizin bir qolu məhz TRIPP-Zəngəzur dəhlizi olacaq.

Təcrübə onu da göstərir ki, ABŞ nəqliyyat yollarına bir qayda olaraq hərətərfli plan və gəlir imkanlarını nəzərə alaraq yatırım edir. Bu o deməkdir ki, layihəyə vəsait yatırmaq üçün fond təsis edilməsinə qərar verilənədək Vaşinqton tərəfindən bütün risklər qiymətləndirilib, layihənin həm siyasi, həm iqtisadi dvidentləri risklər baxımından analiz olunub və yekunda müsbət gözləntilər riskləri üstələdiyi üçün onda iştirakla bağlı qərar qəbul edilib.

Paşinyanın açıqlamasından aydın olur ki, ABŞ-da yaradılan fond yalnız Ermənistan ərazisində deyil, regionda nəqliyyat-logistika, infrastruktur layihələrinin maliyyələşdirilməsində iştirak edəcək. Bu isə şərtləri əlverişli olacaqsa, Fondun vəsaitlərindən Azərbaycanın da yararlanmasının mümkün olacağı deməkdir. Doğrudur, Zəngəzur dəhlizi üzrə Azərbaycan öz ərazisindəki zəruri işlərin mühüm hissəsini artıq icra edib. Yalnız Naxçıvanda dəmiryol xəttinin modernləşdirilməsi kimi bəzi layihələrlə bağlı maliyyələşməyə dair yekun qərar verilməyib. Layihəyə Avropa İttifaqı da yüksək maraq nümayiş etdirir, artıq Avropa Yenidanqurma və İnkişaf Bankı onun ilkin tezniki-iqtisadi əsaslandırması layihəsinin maliyyələşdirilməsində Azərbaycanla əməkdaşlığa başlayıb. Maliyyə mənbələrinin şaxələndirilməsi, dünyanın əsas güclərinin maraqlarının təmin olunması uğur üçün vacib üstünlüklər yaradır.

Qeyd etməyə dəyər ki, ABŞ-la İran arasında razılaşmanın əldə olunması Zəngəzur dəhlizi üçün siyasi riskləri xeyli dərəcədə azaldır. Doğrudur, İran rəhbərliyi bu günlərdə Ermənistana ABŞ-la yekun razılaşmanın əldə olunmasına ayrılmış 60 günlük müddətdə öz ərazisinə ABŞ hərbi qüvvələrini gətirmək fikrinə düşməməyi məsləhət görüb. SEPAH da ad çəkməsə də, İrəvana yönəldiyi açıq hiss olunan təhdid bəyanatı yayıb. Lakin Vaşinqtonla Tehran arasında razılaşmanın irəliləməsi şəraitində layihə üçün İrandan gələ biləcək təhlükə böyük ölçüdə aradan qalxmış olacaq./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki