Günün fotosu - əli ağıza tutub qələt etməyin qırmızı cəzası

Bu foto bu gün səhər saatlarında (Bakı vaxtı ilə) keçirilən Türkiyə-Paraqvay oyununun videosundan kəsilən bir fraqmentdir.

Oyuna baxmayanlar üçün deyək ki, bu epizoda görə hakim VAR-a baxdıqdan sonra Paraqvayın 10 nömrəli oyunçusu Migel Almirona qırmızı kart göstərərək oyundan çıxardı.

FİFA-nın bu ildən tətbiq etdiyi qaydalara görə bir oyunçu ağzını ya əli ilə, ya da köynəyi ilə tutaraq rəqibinə söz atarsa, təhqiramiz nəsə deyərsə, cəzası qırmızı kart olur.

Top uğrunda gedən gərgin mübarizə epizodlarından birində Almiron Türkiyə millisinin 18 nömrəli oyunçusu Mərt Müldürə nəsə dedi və o, bunu anındaca oyunun referesinə söylədi. VAR-a baxışın ardınca qırmızı kart gəldi və rəqib azlıqda qaldı.

gunfo.JPG (55 KB)

Düzdür, Paraqvayın bir oyunçusunu, özü də 10 nömrəli formanı daşıyan hücumçusunu itirməsi Türkiyəni məğlubiyyətdən xilas etmədi, ancaq bu, dünya futbol tarixində bir ilk oldu. Türkiyə millsinin DÇ-26-da başına gələn ən maraqlı epizod bu olacaq, yəqin ki.

Xatırlayırsınızsa, bu ilin fevral ayında Lissabonun “Benfika” klubunun yarımmüdafiəçisi Canluka Prestyanni ağzını köynəyi ilə tutaraq Madrid “Real”ının hüçumçusu Vinisiusa qarşı irqçi ifadələr işlətmişdi, ancaq o zaman indiki qaydalar olmadığına görə o, yalnız oyundan sonra 6 oyunluq cəzalandırılmışdı.

Hələlik Migel Almironun Mərt Müldürə nə dediyi bəlli deyil. Güman olunur ki, o, Türkiyənin beynəlxalq miqyasdakı köhmə adının (Turkey – hazırda “Turkiye”dir) “hind toyuğu” ilə assosiasiya olunmasına vurğu edib. Başqa məsələ də ola bilər.

Daha yaxşısı o olardı ki, azlıqda oynayan və qələbə qazanan Türkiyə millisi olaydı./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki