Türk kinosunun unudulmaz simalarından biri olan Kadir İnanır təkcə ekranlarda canlandırdığı obrazlarla deyil, real həyatda göstərdiyi cəsarətlə də yadda qalıb.
Referans Media xəbər verir ki, illər əvvəl baş verən hadisə yenidən gündəmə gəlib.
Belə ki, 1984-cü ildə rejissor Osman Sedenin çəkdiyi "Yabancı" filminin çəkilişləri zamanı ağır qəza baş verib. Filmdə baş rolları canlandıran Hülya Avşar və Kadir İnanır nikahdan çıxaraq əl-ələ qaçdıqları səhnəni canlandırarkən istifadə olunan partlayış effekti nəzarətdən çıxıb.
Məlumata görə, partlayış üçün hazırlanan mexanizmdə barıt normadan artıq istifadə edildiyi üçün effekt nəticəsində Hülya Avşar ağır xəsarət alıb. Partlayışın gücü onun qarın nahiyəsində ciddi zədə yaradıb və bağırsaqlarının bir hissəsi qarnından çölə çıxıb.
Hadisədən dərhal sonra Kadir İnanır soyuqqanlı davranaraq ilk tibbi müdaxiləni edib. O, aktrisanın vəziyyətini stabilləşdirməyə çalışıb, daha sonra isə onu qucağına alaraq ən yaxın xəstəxanaya çatdırıb.
Həkimlərin bildirdiyinə görə, Kadir İnanırın vaxtında göstərdiyi müdaxilə olmasaydı, Hülya Avşarın həyatını xilas etmək mümkün olmaya bilərdi.
Hülya Avşar illər sonra verdiyi açıqlamalarda həmin gün yaşadığı dəhşəti unutmadığını bildirib. O, aldığı zədənin izlərini gizlətmək üçün sonradan qarnına döymə etdirdiyini də etiraf edib.
Bu hadisə Kadir İnanırın təkcə böyük sənətkar deyil, həm də real həyatda cəsarəti və soyuqqanlılığı ilə insan həyatını xilas edən bir şəxs olduğunu göstərən ən yaddaqalan faktlardan biri kimi xatırlanır.
Qeyd edək ki, tanınmış aktyor,“Yeşilçam”ın əfsanəvi sənətçisi Kadir İnanır iyunun 26-da 77 yaşında müalicə aldığı xəstəxanada vəfat edib. /Musavat.com
