image-mektebkitabbackend

Kitablar yığılır – Məktəblər tez bağlanacaq?

Əksər məktəblərdə kitablar yığılıb, lakin tədris prosesi davam edir.

Belə ki, 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, 2015-ci ildən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Bu qərarla dərs ili ərzində tədris həftələrinin sayı artırılaraq orta hesabla 32,8-dən 34,8 həftəyə çatdırılıb. Buna qədər isə orta məktəblərdə dərslər sentyabrın 15-də başlayıb mayın 31-də bitirdi.

Bu konteksdə sosial şəbəkələrdə “dərsliklər yığılıb və imtahanlar yekunlaşıbsa, əlavə 2 həftə tədris prosesi niyə davam edir” kimi suallar səslənir.

Maraqlıdır, məktəblərdə tədris müddətinin başa çatma tarixinin dəyişməsi mümkündürmü?

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, kitabların yığılması üçün hələ tezdir:

“522 nömrəli tövsiyə sənədinə əsasən məktəblərdə dərsliklər tədris ilinin bitməsinə yalnız 2 gün qalmış yığışdırıla bilər. Kitabların, fənlərlə bağlı dərs vəsaitlərinin tədris ili bitməsinə xeyli qalmış yığılması isə arzuolunan hal deyil. Bu həm də hər hansı mərkəzləşdirilmiş qərar əsasında deyil, ayrı-ayrı məktəblərin, onların rəhbərliyinin daxili qaydaları əsasında baş verir. Bu isə yolverilməzdir. Məktəb tədris ilinin ilk günündən ta sonuncu gününədək öz missiyasını yerinə yetirməli, öz “formasını” qorumalıdır. Məktəb heç bir imtahandan asılı olan, onun “köləsi” funksiyasını yerinə yetirən bir müəssisə deyil. Biz bu məntiqlə KSQ və BSQ-lər, yaxud, buraxılış imtahanları bitdi deyib, məktəbi formallaşdıra bilmərik. Məktəb ali məqamdır və bütün imtahanlar onun yalnız və yalnız tərkib hissəsi, aləti rolunu oynamalıdır. Biz bütün bu yanaşmaların yaxşılaşdırılması üçün məktəbə olan münasibətin yenilənməsini, kökündən dəyişilməsini istəməliyik. Bir daha təkrar edirəm ki, məktəb ən sonuncu dərs gününədək öz işini, missiyasını yerinə yetirməyə borcludur. Təbii ki, əgər biz məktəbdə missiyalıq nəyisə qoruyub saxlamışıqsa…”

Mütəxəssis qeyd edib ki, “əgər dərsliklər yığılıb və imtahanlar keçirilibsə, məktəb niyə bağlanmır?” sualı düşünürəm ki, məktəb adına çox məyusedici yanaşmadır:

“Birincisi, dərsliklər niyə iki həftə qabaq yığılmalıdır? Axı bunun üçün müəyyən rəsmi sənədlər var! İkincisi, imtahanların olub-olmamasının məktəbin mövcudluğuna nə dəxlisi? Axı biz niyə məktəbi hər hansı imtahanların son mərhələsi hesab etməliyik?! Məktəb konkret tədris proqramına tabe, vacib məzmun standartları ilə şagirdin formalaşma mərhələsini həyata keçirən, yaxud, keçirməli olan müəssisədir. Gəlin, ona işini sonadək həyata keçirməsinə imkan verək”.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki