Ermənistanın ikinci prezidenti Robert Köçəryan İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməsindən sonra yaranmış vəziyyəti sərt tənqid edib.
Referans Media xəbər verir ki, Armavir vilayətində seçkiqabağı görüş zamanı çıxış edən Köçəryan bildirib ki, Ermənistanın BCM-yə qoşulması nəticəsində Rusiya prezidenti Vladimir Putinin ölkəyə səfəri hüquqi baxımdan problemli vəziyyətə düşüb.
Onun sözlərinə görə, hazırkı şəraitdə Ukrayna prezidenti Volodimir Zelenski Ermənistana gələ bilər, lakin Putin üçün eyni imkan yoxdur. Köçəryan bunu “absurd vəziyyət” adlandırıb və Ermənistan rəhbərliyinin dost ölkənin liderinə münasibətdə belə addım atmasının ağır nəticələr doğura biləcəyini deyib.
Sabiq prezident vurğulayıb ki, Ermənistanın təhlükəsizliyi və iqtisadi rifahı böyük ölçüdə Rusiya ilə münasibətlərdən asılıdır. O hesab edir ki, Roma Statutunun ratifikasiyası ilə yaranmış vəziyyət yenidən nəzərdən keçirilməlidir./Musavat.com
