Müğənni Könül Kərimovaya qarşı 245 min manatlıq dələduzluq etməkdə ittiham olunan “Hüquq-Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri olmuş Mübariz Məmmədov və Elçin Bağırovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Referans Media Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə Mübariz Məmmədov tərəfindən vəsatətlər təqdim olunub.
O, cinayət işində olan sənədlərin araşdırılması və prosessual qaydaların həll olunması üçün işə yenidən baxılması ilə bağlı prokurora qaytarılması barədə vəsatət versə də, hakimlər vəsatəti təmin etməyiblər.
Daha sonra Mübariz Məmmədov sərbəst ifadəsi zamanı bildirib ki, barəsindəki ittiham zərərçəkmiş İlham Cəfərovun ərizəsi əsasında verilib:
“Həmin ərizədən sonra istintaqa dəvət olunmuşam, şübhəli şəxs qismində cəlb olunmuşam. Məndən şirkətimin möhürünü tələb ediblər. Bunu da Sakit Məmmədov edib. Mən də bunu verməmişəm. Sakit Məmmədovun sifarişi ilə məni həbs ediblər”.
Təqsirləndirilən şəxs deyib ki, Könül Kərimovaya aid olduğu deyilən mənzil isə onun özünə məxsus olub:
“Könül Kərimova Sakit Məmmədova 300 min manat borc verib, həmin mənzil də saxta müqavilə ilə ona verilib. Bir mənzilin alınmasına görə iki müqavilə məndə olub. Birinci müqavilə mənim adıma olub, ikinci müqavilə isə Könülün adına verilib. Düzgün sənəd isə mənim adıma olan müqavilədir”.
