Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında “Tramp yolu” kimi tanınan nəqliyyat dəhlizi layihəsinin təfərrüatlarını öyrənəcək.
Referans xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev bildirib.
O qeyd edib ki, Cənubi Qafqazda qeyri-regional qüvvələrin layihəyə cəlb olunması sülh gündəliyini irəli aparmalı, yeni problemlər və bölgü xətləri yaratmamalıdır.
Fadeyev həmçinin Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü və Rusiya sərhədçilərinin Sünik bölgəsində mövcudluğunu nəzərə almağın vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu amillər regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı qərarlar hazırlanarkən nəzərə alınmalıdır.
A. Fadeyevin açıqlamasında bir məqam da diqqəti çəkir. O, Rusiya Xarici İşlər Nazirliyi adından deyib ki, Sünik (Zəngəzur) vilayəti vasitəsilə kommunikasiyanın açılması prosesində Rusiya sərhədçilərinin mövcudluğu ilə hesablaşmaq lazımdır.
Nazirliyin açıqlamasında vurğulanır ki, Rusiya tərəfi 2020-ci ildə imzalanmış üçtərəfli razılaşmaları hələ də aktual sayır və heç bir tərəf bu sənədlərdən çıxdığını bəyan etməyib.
Ekspertlərə görə, bu bəyanat Zəngəzur Dəhlizi ilə bağlı, xüsusilə də “Tramp yolu” adlandırılan yeni razılaşmaya Moskvanın reaksiyasıdır. Rusiya açıq şəkildə bildirir ki, dəhliz istənilən formatda reallaşsa belə, prosesdə onun da iştirakı nəzərə alınmalıdır.
Bu açıqlama sərt tonda səslənməsə də, “bizsiz bu layihə baş tutmayacaq” mesajı verir