Son həftələr Azərbaycanda limon kəskin
bahalaşıb. İndi paytaxt Bakının bazar və marketlərində bir kiloqram limon
ortalama 6-9 manat arasında təklif edilir. Bu da bir ədəd limonun qiymətinin 80
qəpik və 1 manat 50 qəpik arasında dəyişməsinə səbəb olub.
Nəzərə çarpan kəskin artım digər meyvə-tərəvəz
məhsullarında da gözlənilir?
Kənd təsərrüfatı məsələləri üzrə ekspert
Vahid Məhərrəmov Referans-a açıqlamasında bu sualı cavablandırıb.
“Bahalaşma təklifin azalması ilə bağlıdır. Yəni
təklif azalanda bazarda qiymətlət qalxır. Hazırda limon mövsümi olmayan meyvələr
sirasındadır və Azərbaycan yetərinc limon istehsal edə bilmir, idxaldan
asılıdır. Ola bilər ki, buna görə də təklif hazırda azdır. Lakin Azərbaycanda qiymət
artımı yalnız bazarın yaratdığı təklif və tələblə bağlı deyil. Təəssüflər olsun
ki, Azərbaycanda monopoliya aradan qalxmır. Bu, ciddi problem olaraq qalır.
Monopoliya olmasa eyni adlı məhsulu müxtəlif ölkələrdən gətirib sataraq qiyməti
aşağı salmaq olar. Amma bazara başqa oyunçular buraxılmadığı üçün burada
monopolistlər qiymət diqtə edir”.
Ekspert qeyd edib ki, iyulun 1-dən etibarən
Azərbaycanda bir qrup sosial müavinətlərin artırılmasının da qiymətlərin yenidən
yüksəlməsində rolu olacaq.
“Azərbaycanda qiymət artımı inzibati qayda
ilə tənzimləmək mümkün deyil. Bazar inzibati yolla idarəetməni sevmir. Bazarın
sevdiyi təklifin çox olması nəticəsində qiymətin enməsidir. Bu gündən etibarən
bir sıra sosial müavinətlərin artması yaxın zamanda digər məhsulların da yenidən
bahalaşacağından xəbər verir. Əhalinin ərzaqa tələbatı heç vaxt azalmır.
İstehsal, təklif azala bilər lakin tələbat azala bilməz”.
Vahid Məhərrəmov yaxın zamanda bahalaşması
gözlənilən digər məhsullardan da danışıb.
“Ərik artıq bitmək üzrədir. Bu gün gördüm ki,
əriyin qiyməti yenə də artıb. Eyni zamanda 2-3 gün əvvəl kiloqramı 10 manata təklif
olunan gilas hazırda 13 manata təklif olunur. Eyniylə pomidorun kiloqramı 1
manat təşkil edirdi, indi isə 2 manat olub. Nəzərə alsaq ki, hazırda mövsümü
olduğuna görə, bu məhsulların qiyməti enməlidir amma əksinə artım var. Bu da
heç də müsbət xəbər deyil. Bu il inanmıram ki, kartof istehsalımız artsın.
Çünki əkin sahəsi artmayıb və məhsuldarlıq da aşağıdır Azərbaycanda. Bu səbəbdən
bu il, gələn ilin əvvəli kartofun, eləcə də soğanın qiymətində artım gözlənilir.
Ümumilikdə bütün meyvə-tərəvəzlərin qiymətində artım olacaq və bu artıq
başlayıb”.
Ekspert əlavə olaraq bildirib ki, yaxın günlərdə
bitki yağının, qoyun ətinin qiymətində də artım gözləniləndir.
Fidan Vəlisoy