Çinin Yunnan əyalətindəki Şanhunya kəndinin rəsmisi təhlükəli torpaq sürüşməsi zamanı sakinləri xilas etmək üçün palçığın içərisindən keçərək evləri gəzib.
Referans Media xəbər verir ki, bu barədə "The South China Morning Post" (SCMP) nəşri məlumat yayıb.
Mayın 17-si axşam saatlarından 18-i səhərinə qədər kəndə güclü yağış yağıb və 256 millimetr yağıntı düşüb. Yerli çayda suyun səviyyəsinin kritik həddə çatdığını görən kənd rəsmisi Tyan Julyan dərhal evləri gəzərək sakinləri təhlükə barədə xəbərdar edib və onları təxliyəyə çağırıb. Xilasetmə işləri zamanı rəsmi palçıqlı su axınına düşərək aparılıb.
Hadisədən sonra Tyan Julyanın palçığa bulaşmış halda əhalini təxliyə etdiyi görüntülər sosial şəbəkələrdə geniş yayılıb. İstifadəçilər onu "palçıqlı Budda" adlandıraraq qəhrəmanlığını yüksək qiymətləndiriblər. Məlumata görə, rəsmi ciddi xəsarət almayıb.//Publika.az

