Moskva səmasında gərgin gecə: Rusiya gecənin ən böyük hücumunu açıqladı - bir gecədə 660 Ukrayna PUA-sı məhv edildi

Rusiya Müdafiə Nazirliyi Ukraynanın gecə saatlarında həyata keçirdiyi pilotsuz uçuş aparatı (PUA) hücumları ilə bağlı açıqlama yayıb.

Referans Media xəbər verir ki, Qurumun məlumatına görə, Moskva da daxil olmaqla ölkənin müxtəlif bölgələrini hədəf alan hücumlar zamanı ümumilikdə 660 pilotsuz uçuş aparatı hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirilib.

Açıqlamada bildirilib ki, hücumlar Belqorod, Bryansk, Kursk, Orlov, Kaluqa, Lipetsk, Rostov, Voronej, Tula, Ryazan, Astraxan vilayətləri, həmçinin Krım yarımadası, Qara dəniz və Azov dənizi üzərində qeydə alınıb.

Moskva meri Sergey Sobyanin paytaxta doğru yönələn 47 PUA-nın vurulduğunu açıqlayıb. Tula vilayətinin rəhbərliyi isə bölgədə ardıcıl hücumların qeydə alındığını, nəticədə bir nəfərin yaralandığını, elektrik xətləri və sənaye obyektlərində ziyan yarandığını bildirib.

Rusiya tərəfi son hücumu bu il ərzində ölkəyə qarşı həyata keçirilən ən genişmiqyaslı PUA əməliyyatı kimi qiymətləndirib.

Hadisə ilə bağlı digər tərəfin mövqeyi və əlavə məlumatların açıqlanması gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki