Türkiyə millisinin futbolçusu Arda Güler 2026-cı il FIFA Dünya Kubokunda ABŞ üzərində qazanılan 3:2 hesablı qələbədən sonra diqqət çəkən açıqlamalar verib.
Referans Media xəbər verir ki, Turnirdə qrup mərhələsini keçə bilməyən milli komandanın aparıcı oyunçularından olan Arda tənqidlərlə bağlı açıq danışıb.
Gənc futbolçu komandanın çıxışını qiymətləndirərək bildirib ki, səslənən tənqidlər haqlıdır:
“Matçdan əvvəl əhvalımın pis olduğunu demişdiniz... Bütün tənqidlər haqlıdır. Yaxşı oynamadıq, insanlar nə desələr haqlıdırlar. Dram yaratmağa ehtiyac yoxdur. Pis oynadıq və mübarizəni dayandırdıq”.
Qeyd edək ki, Türkiyə millisi ABŞ-la oyunda 3:2 hesabı ilə qalib gəlsə də, qrup mərhələsini keçə bilməyərək mundialla vidalaşıb.
Oyunda Türkiyə millisinin ilk qolunu məhz Arda Güler vurub. Hücum zamanı Barış Alper Yılmazın ötürməsindən sonra cərimə meydançasında topu qəbul edən futbolçu dəqiq zərbə ilə hesabı açıb.
