image-stresbackend

Müasir dövrün bəlası: Stresslə necə mübarizə aparaq?

Müasir dövrdə iş həyatı və gündəlik məsuliyyətlər insanların üzərində ciddi psixoloji yük yaradır. Xüsusilə gərgin həyat tərzi, sosial gözləntilər və maddi narahatlıqlar stressin artmasına səbəb olur. Uzunmüddətli stressin həm psixi, həm də fiziki sağlamlığa mənfi təsir göstərdiyi məlumdur. Buna görə də stresslə düzgün mübarizə üsullarını bilmək və gündəlik həyatda tətbiq etmək olduqca vacibdir.

Maraqlıdır, stresslə düzgün mübarizə yolları hansılardır? Gündəlik həyatda insanlar stressi azaltmaq üçün hansı effektiv psixoloji üsullardan istifadə edə bilər?

Referans Media  xəbər verir ki ,Psixoloq Dilruba Həsənova Sfera.az-a açıqlamasında bildirib ki, həyatın hər yerində bu gün az və ya çox stresslə üz-üzə qalırıq.

Onun sözlərinə görə, məsələ stressin olması yox, onunla necə davranılmasıdır:

“Çünki stress düzgün idarə olunanda motivasiya verə bilər, amma nəzarətsiz qalanda həm psixoloji, həm də fiziki yorğunluğa çevrilir. Gündəlik həyatda stressi azaltmaq üçün ən vacib addımlardan biri insanın özünü tanımasıdır. Yəni nə səni daha tez yorur, hansı vəziyyətlərdə gərginləşirsən – bunun fərqində olmaq artıq nəsə etməkdir. Çünki səbəbi anlamadan nəticəni dəyişmək mümkün olmur. Belə hallarda düşüncə tərzi də vacibdir. Eyni hadisə iki fərqli insana fərqli təsir edir. Biri bunu problem kimi görür, digəri isə təcrübə kimi. Məhz bu baxış bucağı stressin gücünü ya artırır, ya da azaldır. Özümüzə verdiyimiz daxili mesajlar çox şeyi dəyişir.
Bədən və zehin bir-biri ilə sıx bağlıdır. Yorğun, yuxusuz və hərəkətsiz bədən stressi daha ağır hiss edir. Ona görə də sadə görünən, amma təsirli vərdişlər – kifayət qədər yuxu, qısa gəzintilər, nəfəs məşqləri emosional vəziyyəti ciddi şəkildə stabilləşdirə bilir. Bir də insanlar çox vaxt hər şeyi nəzarətdə saxlamağa çalışır. Halbuki hər şey bizim nəzarətimizdə deyil. Bunu qəbul etmək insanı daxili olaraq yüngülləşdirir. Çünki bəzən stressin özü yox, onu dəyişmək üçün göstərdiyimiz səylər insanı olduqca çox yorur. Stressi azaltmaq üçün ünsiyyət də lazımdır. İçdə saxlanılan gərginlik zamanla böyüyür, paylaşdıqca isə sakitləşir. Bu, mütləq həll yolu deyil, amma nisbətən sakitlik üçün yaxşı təsir edir”.

Psixoloq əlavə edib ki, ən əsası insan özünə qarşı bir az daha yumşaq olmağı öyrənməlidir:

“Hər şeyi ideal etmək məcburiyyəti, özünü daim tənqid etmək stressi artıran əsas faktorlardandır. Bəzən “bu gün bu qədər bacardım” demək də kifayət edir. İnsanın özü-özü ilə qalması, meditasiya etməsi də stressi azaltmağa çox yardım edir. Bütün bunların üçün düşünmək vacibdir. İnsan düşünməyi bacaranda hisslərini doğru anlaya və onları idarə edə bilir. Unutmaq olmaz ki, stress həyatın bir hissəsidir, amma onu idarə etmək də bir bacarıqdır. Bu bacarığı isə kiçik, amma davamlı hərəkətlərlə formalaşdırmaq mümkündür”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki