NATO Şərq istiqamətində fəaliyyətini tədricən genişləndirir və bu proses artıq təkcə Avropa ilə məhdudlaşmır. Alyansın diqqəti getdikcə Asiya-Sakit okean regionuna yönəlir və bu da qlobal təhlükəsizlik balansında yeni mərhələnin başladığını göstərir.
Belə ki, NATO Yaponiya və Cənubi Koreya ilə əməkdaşlığı genişləndirməyə qərar verib. Siyasi şərhçilər bildirir ki, bu qərar təsadüfi deyil, çünki hər iki ölkə regionda mühüm strateji mövqeyə malikdir və təhlükəsizlik məsələlərində Qərblə yaxın əməkdaşlıqda maraqlıdır. Şimali Atlantika Blokunun Yaponiya və Cənubi Koreyaya təxminən 300 nümayəndədən ibarət heyət göndərməsi də bu siyasətin konkret göstəricisidir.
Referans Media xəbər verir ki ,mövzu ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.
Politoloq qeyd edib ki, bu səfər Pekinin narazılığına səbəb olub: “Pekində nəşr olunan “Global Times” qəzeti NATO-nun Asiya-Sakit okean regionunun hesabına hərbi, siyasi və diplomatik fəaliyyət dairəsini genişləndirməyə çalışdığını yazıb. Beləliklə, NATO Şərqə doğru genişlənmək siyasətini həyata keçirir. Şimali Atlantika Bloku bununla gücünü zəifləmədiyini göstərməyə çalışır. Çünki NATO-nun əsas ölkəsi olan ABŞ Prezidenti Donald Trampın təşkilatı sərt tənqid etməsi Şimali Atlantika Blokunun imicinə mənfi təsir edib. NATO Trampın “Hörmüz boğazını birgə qoruyaq” çağırışına dəstək vermədi. Buna görə də Tramp ABŞ-ın NATO-nu tərk edəcəyinə dair açıqlamalar verdi”.
Elxan Şahinoğluya görə, ABŞ-ın NATO-nu tərk etməsi məsələsi asan deyil, bunun üçün Konqresin qərarı lazımdır: “Digər tərəfdən ABŞ NATO-nu tərk edərsə, Avropadakı hərbi bazalarından məhrum ola bilər. Bu isə ABŞ-ın fövqəldövlət statusuna mənfi təsir edəcək. Buna baxmayaraq, ABŞ-NATO münasibətlərindəki ziddiyyətlər Şimali Atlantika Blokunun birliyinə təsir edib. Bu mənada NATO-nun Yaponiya və Cənubi Koreya ilə artan hərbi əməkdaşlığı təşkilatın təhlükəsizlik məsələlərində arxa planda olmadığını göstərir.
Brüssedə əmindirlər ki, Avropanın təhlükəsizliyi Asiyanın təhlükəsizliyindən birbaşa asılıdır. Şamili Atlantika Bloku buna görə Asiya istiqamətinə önəm verməyə başlayıb. NATO Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya birgə hərbi təlimlərinin sayını artırıb. Ötən ilin yanvar ayında Yaponiya NATO yanında daimi nümayəndəlik açıb. Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilirdi ki, Yaponiya NATO ilə fundamental dəyərləri və strateji maraqları bölüşən tərəfdaşdır. Yaponiya Çin təhlükəsindən qorunmaq üçün qonşu ölkələrlə də hərbi əməkdaşlığı genişləndirib. Misal üçün, 2014-cü ildə Yaponiya ilə Avstraliya arasında 7 milyard dollarlıq hərbi əməkdaşlıq sazişi imzalanıb”.
Politoloq sonda vurğulayıb ki, Yaponiyanın hərbi gücünü artırması, NATO ilə ittifaqı gücləndirməsi Pekinlə yanaşı Moskvanı da narahat edir: “Kreml hesab edir ki, Yaponiya İkinci Dünya müharibəsində məğlubiyyət şərtlərinə görə, hərbi gücünü artırmamalıdır. Halbuki Çinin bölgədə artan hərbi gücü, o cümlədən Yaponiya sahillərinə yaxın Çin-Rusiya hərbi təlimlərinin keçirilməsi Tokioya hərbi gücünü artırmaqdan başqa alternativ qoymur”.






















