Naxçıvanda verilən MÜHÜM anons - birinci şərt odur ki…

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirak ediblər. Prezident İlham Əliyev Naxçıvan səfəri çərçivəsində Azərbaycan Dövlət Televiziyasına müsahibəsində Muxtar Respublikanın müdafiə potensialının gücləndirilməsinə xüsusi diqqət verilməsi barədə danışıb.

Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası istənilən döyüş tapşırığını yerinə  yetirməyə qadir olan güclü hərbi birləşməyə çevrilib - AZƏRTAC

Prezident deyib: “İlk növbədə Naxçıvanın müdafiə potensialının gücləndirilməsi məsələsi prioritet məsələlər sırasında idi. Bu istiqamətdə də böyük işlər görüldü və bu gün bayrağın təqdimetmə mərasimində bir daha Naxçıvanın hərbi gücü özünü göstərdi, həm texnika ilə təchizat, - özü də ən müasir texnika ilə, – həm də yeni komando qüvvələrinin yaradılması. Bu da Azərbaycan Silahlı Qüvvələrində son vaxtlar müşahidə olunan mənzərədir. Bildiyiniz kimi, Naxçıvanda mənim Sərəncamımla Əlahiddə Ordu yaradılmışdır. Bu ordu, təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsidir. Ancaq Naxçıvanın spesifikası, coğrafiyası, Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması, əlbəttə ki, bu diyarın - muxtar respublikanın təhlükəsizliyinə daha böyük diqqət göstərməyimizə gətirib çıxardı və bu, daim belədir. Ona görə bu, birinci şərtdir. Bu gün qeyd etdiyim kimi, Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək”.

Referans Media-ın məlumatına görə, Polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Naxçıvanın hərbi potensialının gücləndirilməsi yeni regional reallıqların tələbidir: “Prezident İlham Əliyevin Naxçıvanın müdafiə potensialının daha da gücləndiriləcəyini bəyan etməsi təkcə hərbi hazırlıq məsələsi kimi qiymətləndirilməməlidir, burada həm Naxçıvanın coğrafi mövqeyi, həm Azərbaycanın milli təhlükəsizlik maraqları, həm də Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar nəzərə alınır. Naxçıvan Azərbaycanın əsas ərazisindən ayrı yerləşən strateji bölgədir. Bu amil onun müdafiə və təhlükəsizlik məsələlərini digər regionlardan müəyyən mənada fərqləndirir. Əlahiddə Ümumqoşun Ordunun yaradılması da məhz Naxçıvanın spesifik coğrafi və hərbi-strateji xüsusiyyətlərindən irəli gələn qərarlardan biri idi. Yeni komando hərbi hissələrinin yaradılması və onların müasir texnika ilə təchiz olunması isə Azərbaycan Ordusunda gedən struktur və keyfiyyət dəyişikliklərinin Naxçıvan istiqamətində də davam etdirildiyini göstərir. Komando bölmələri yüksək çeviklik, sürətli qərarvermə və mürəkkəb relyef şəraitində fəaliyyət qabiliyyəti baxımından xüsusi əhəmiyyət daşıyır. Naxçıvanın dağlıq coğrafiyası nəzərə alınanda belə bölmələrin yaradılması xüsusi məna kəsb edir”.

Rusiya İran taktikasına keçir? – NATO-ya ilginc HƏDƏ

Ekspert həmçinin qeyd edib ki, burada daha bir mühüm məqam var: “Naxçıvan Azərbaycanın Türkiyə ilə yeganə quru sərhədinə malik bölgəsidir. Eyni zamanda, İran və Ermənistanla sərhədlərinin olması bu ərazinin regional təhlükəsizlik baxımından əhəmiyyətini daha da artırır. Bu baxımdan, Naxçıvanın müdafiə imkanlarının gücləndirilməsi Azərbaycanın həm öz ərazi təhlükəsizliyini təmin etmək, həm də bölgədə strateji mövqelərini möhkəmləndirmək siyasətinin tərkib hissəsidir. Azərbaycan son illərdə ordunun yalnız say baxımından deyil, texnoloji imkanlar, mobil qüvvələr, xüsusi təyinatlı və komando birlikləri, pilotsuz sistemlər və müasir idarəetmə imkanları baxımından yenilənməsinə üstünlük verir. Naxçıvanda həyata keçirilən tədbirlər həmin hərbi modernləşmə prosesinin mühüm istiqamətlərindən biridir. Digər tərəfdən, Naxçıvanın nəqliyyat və kommunikasiya imkanlarının genişləndirilməsi ilə onun müdafiə potensialının gücləndirilməsi paralel proseslərdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki