Nəcməddin Ərbakanın oğlunun Azərbaycana girişi qadağan olundu

Türkiyənin Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyulub.

Referans Media-ın xəbərinə görə, onun adı Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” elan etdiyi 31 Türkiyə vətəndaşı arasında yer alıb.


XİN-in məlumatına görə, qərar müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycanın suverenliyi, milli təhlükəsizliyi, konstitusiya quruluşu, xalqı və rəhbərliyinə qarşı yönəlmiş açıqlamalar, eləcə də digər qanunazidd çağırışlar nəzərə alınaraq qəbul edilib.

Qeyd edək ki, F.Ərbakan oktyabrın 14-də sosial şəbəkə hesabında yayımladığı videoda Azərbaycanda məktəbli forması və hicabla bağlı məsələlərə toxunub. O, Azərbaycanda hicablı şagirdlərin məktəbə buraxılmadığını iddia etmiş və Azərbaycanı Ermənistanla müqayisə etmişdi.

Türkiyəli siyasətçi videoda Ermənistanın belə öz vətəndaşlarına qarşı bu cür münasibət göstərmədiyini iddia edərək Azərbaycan rəhbərliyini mövcud yanaşmanı dəyişməyə çağırmışdı. Onun bu çıxışı Azərbaycanda ciddi etirazla qarşılanmışdı.

F.Ərbakan Türkiyənin keçmiş Baş naziri Nəcməddin Ərbakanın oğludur və hazırda Yenidən Rifah Partiyasına rəhbərlik edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki