NATO-dan Qara dəniz qərarı: Patrul təyyarələri və dronlar bölgəyə göndərilir

NATO Qara dənizdə gəmilərə qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlardan sonra bölgəyə əlavə dəniz patrul təyyarələri, radar sistemləri və pilotsuz uçuş aparatları göndərəcəyini açıqlayıb.

Referans Media xəbər verir ki, NATO sözçüsü Allison Hart sosial media hesabında bildirib ki, alyansın səfirləri Qara dənizdə təhlükəsizlik məsələlərini müzakirə etmək üçün görüş keçirib.

Hart qeyd edib ki, NATO artıq şərq cinahında müdafiə imkanlarını gücləndirib və bu tədbirlərə pilotsuz uçuş aparatlarına qarşı mübarizə imkanları da daxildir.

“NATO bölgəyə əlavə vasitələr göndərəcək. Bu imkanlara müşahidə, kəşfiyyat və məhkəmə-ekspertiza dəstəyi də daxil olacaq. Biz birlikdə qalacağıq və 1 milyard vətəndaşımızın təhlükəsizliyini təmin etmək üçün istənilən təhdidə qarşı hazır və bacarıqlı olduğumuzu göstərəcəyik”, – deyə NATO sözçüsü bildirib.

NATO son hücumlarla bağlı hər hansı ölkəni rəsmi şəkildə məsul hesab etməyib.

Hərbi analitiklər isə hücumların böyük ehtimalla Rusiya tərəfindən həyata keçirildiyini bildirirlər. Moskva isə bu iddiaları qəbul etməyib.

Qərb mediasının məlumatına görə, ötən həftə Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında iki kimyəvi yükdaşıyan tanker pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb və nəticədə gəmilərdə yanğın baş verib. Hadisə zamanı 7 dənizçinin itkin düşdüyü bildirilib.

Bu insident Ukraynanın istifadə etdiyi mühüm dəniz nəqliyyatı marşrutu boyunca təhlükəsizlik narahatlıqlarını artırıb.

Bundan əlavə, Rumıniya və NATO üzvü olan qonşu Bolqarıstanın sahilləri yaxınlığında daha azı 5 yük gəmisinə hücum edildiyi, nəticədə ən azı 23 dənizçinin öldüyü və ya itkin düşdüyü barədə məlumat yayılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki