Ukraynada polkovnikin qətlinə görə 3 azərbaycanlıya HÖKM OXUNDU - ŞOK TƏFƏRRÜAT

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) polkovniki İvan Voroniçin qətlə yetirilməsi işi üzrə Azərbaycanda məhkəmə hökmü çıxarılıb.

Referans Media Musavat.com-a istinadən xəbər verir ki, Ukraynada qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməkdə və qanunsuz əməliyyat-axtarış tədbirləri həyata keçirməkdə təqsirləndirilən üç Azərbaycan vətəndaşı həbs cəzasına məhkum edilib.

2025-ci il iyulun 10-da UTX-nin polkovniki İvan Voroniç Kiyevdə yaşadığı evin yaxınlığında güllələnərək öldürülüb.

Qatil hadisə yerindən qaçıb. Voroniç Ukraynanın işğal olunmuş ərazilərində əməliyyatları təşkil edən UTX-nin 5-ci Əks-kəşfiyyat İdarəsinin rəhbərlərindən biri olub.

Həmin dövrdə “The Times” qəzeti onun “Şimal axını” qaz kəmərlərinin partladılması əməliyyatının koordinatorlarından biri olduğunu yazıb.

Mənbələrin məlumatına görə, Voroniç Rusiya Qara dəniz donanmasına qarşı dəniz dronlarından istifadə edilən əməliyyatlarda da iştirak edib.

Qətlin ehtimal olunan icraçıları qısa müddətdə müəyyənləşdirilərək izlənilib. Onların saxlanılması zamanı silahlı müqavimət göstərdikləri və zərərsizləşdirildikləri bildirilir. İstintaq materiallarına əsasən, həmin şəxslər Rusiyanın kriminal dairələri ilə əlaqəsi olduğu bildirilən Xaqani Gülalızadə və onun əlbir olduğu Nərmin Quliyeva olublar. Hər ikisinin Azərbaycan pasportu daşıdığı qeyd edilir.

Polkovnikin qətlini törətmək məqsədilə Ukraynaya göndərilən qrupda daha üç Azərbaycan vətəndaşının da olduğu müəyyənləşdirilib. Bunlar Xaçmaz rayon sakini, 42 yaşlı Edik İsrafilov, Cəlilabad rayon sakini, 31 yaşlı Amid Məmmədov və Gədəbəy rayon sakini, 29 yaşlı Nurlan Səfərovdur.

Haqqin.az-ın məlumatına görə, həmin şəxslər Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının hüdudlarından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak) və 302.1-ci (qanunsuz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi) maddələri ilə ittiham irəli sürülüb. Barələrində həbs qətimkan tədbiri seçilib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, qrup üzvləri pul müqabilində Ukraynada ayrı-ayrı şəxsləri izləyib, onların iş və yaşayış yerlərinin yaxınlığında müşahidə aparıblar. Onlar gizli foto və video çəkilişlər edərək əldə etdikləri materialları “WhatsApp” vasitəsilə qrupun rəhbərliyinə göndəriblər.

Şəbəkənin əsas hədəflərindən biri Ukrayna Təhlükəsizlik Xidmətinin Xüsusi Əməliyyatlar Mərkəzinin baş əməliyyat rəhbəri İvan Voroniç olub.

Qrup üzvləri onun hərəkət marşrutunu izləyərək topladıqları məlumatları ötürüblər. İttiham aktına əsasən, 2025-ci il iyulun 10-da Voroniç evindən çıxıb avtomobilinə tərəf gedərkən maskalı şəxs tərəfindən güllələnib.

İttihama görə, Amid Məmmədov və digər şəxslər kriminal aləmdə “Şakro Molodoy” ləqəbi ilə tanınan Zaxari Kalaşovun nəzarəti altında fəaliyyət göstərdiyi bildirilən silahlı qruplaşmanın rəhbəri Xaqani Gülalızadənin göstərişlərini yerinə yetiriblər. Gülalızadənin tapşırığı ilə onlar Ukraynada yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməyə razılaşıblar.

Bu məqsədlə Amid Məmmədov 2025-ci ilin fevralında Monteneqronun Podqoritsa şəhərində Xaqani Gülalızadə ilə görüşüb. İttiham tərəfinin məlumatına görə, Güləlizadə ona tapşırıqların icrası üçün odlu silah, sursat və zərurət yaranacağı təqdirdə digər qrup üzvlərini təmin edəcəyini vəd edib.

Razılaşmaya əsasən, Məmmədov Kiyevə getməli və qruplaşmanın digər üzvü Nərmin Quliyevanın vasitəsilə verilən tapşırıqları yerinə yetirməli idi. O, 2025-ci ilin martında əvvəlcə Türkiyəyə, oradan isə Moldovanın paytaxtı Kişinyova gedib. Gülalızadənin Quliyeva vasitəsilə göndərdiyi göstərişlərə uyğun olaraq, İvan Voroniçi izləyib və topladığı məlumatları “WhatsApp” vasitəsilə onlara ötürüb.

Digər təqsirləndirilən Nurlan Səfərov da eyni marşrutla Ukraynaya gedərək Xaqani Gülalızadə ilə əlaqə saxlayıb. Ona Dnepropetrovsk şəhərində “Monobank”ın rəhbərini izləmək tapşırılıb.

Bundan başqa, 2025-ci ilin aprelində Gülalızadənin göstərişi ilə Səfərov qrupun digər üzvü Edik İsrafilovla birlikdə Kiyevdə yerləşən “İdealist” kafesinə gedib. Onlar bloger kimi fəaliyyət göstərən kafenin sahibi İqor Laçenkovun foto və videolarını çəkərək sifarişçiyə göndəriblər.

İş materiallarında Nərmin Quliyevanın 2025-ci il mayın 15-də Moldova ilə sərhəddəki Mayaki-Udobne keçid məntəqəsindən Ukraynaya daxil olduğu bildirilir. Xaqani Güləlizadə isə həmin ilin fevralın 27-də bu keçid məntəqəsindən Ukraynaya girməyə cəhd etsə də, ona icazə verilməyib. Cinayətkar qruplaşma ilə əlaqələri aşkarlandığı üçün onun Ukraynaya girişinə 2030-cu ilədək qadağa qoyulub. Buna baxmayaraq, Gülalızadənin gizli şəkildə Kiyevə getdiyi bildirilir.

Qətldən üç gün əvvəl qrup üzvləri UTX polkovnikinin yaşadığı evin yaxınlığındakı mənzillərdən birində yerləşərək müşahidəyə başlayıblar. Bir dəfə Gülalızadə parik taxaraq evdən çıxıb və yaxınlıqdakı idman meydançasına gedib. Həmin vaxt Nərmin Quliyeva Voroniçin yaşadığı binanın həyətinə daxil olub. O, iti gəzdirmək bəhanəsi ilə məhəllənin girişində dayanaraq müşahidə aparıb.

Voroniç evdən çıxan kimi Quliyeva idman meydançasında olan Gülalızadəyə xəbər verib. Qulalızadə polkovnikə yaxınlaşaraq ona bir neçə dəfə atəş açıb. Bundan sonra o, Quliyeva ilə birlikdə hadisə yerindən qaçıb. 2025-ci il iyulun 13-də keçirilən xüsusi əməliyyat zamanı onların silahlı müqavimət göstərdikləri və zərərsizləşdirildikləri bildirilir.

Təqsirləndirilən Amid Məmmədov ifadəsində Monteneqroya işləmək məqsədilə getdiyini və gündəlik 40-50 avro qazandığını deyib.

O, həmin ölkədə Xaqani Güləlizadə ilə tanış olduğunu bildirib:

“Xaqaninin və ailə üzvlərinin sürücüsü işləyirdim. Xaqaninin kim olduğunu dəqiq bilmirdim. Nərmini tanıyırdım, onu dəfələrlə müxtəlif ünvanlara aparmışam. Ancaq hara getdiyini və nə məqsədlə getdiyini soruşmamışam. Onunla Monteneqroda olduğum vaxt tanış olmuşam. Sonradan Ukraynadan çıxaraq Türkiyəyə qayıtdım. Türkiyədə olarkən özümü televiziyada gördüm və məlum oldu ki, DTX məni axtarır”.

Edik İsrafilov isə ifadəsində Xaqanini şəxsən tanımadığını, Amid Məmmədovla onun işlədiyi obyektin ərazisində tanış olduğunu bildirib. O, heç kimi izləmədiyini iddia edib.

Nurlan Səfərov ifadəsində Xaqani Gülalızadə ilə həbsxanada tanış olduğunu, azadlığa çıxdıqdan sonra iş tapa bilmədiyini və Güləlizadənin onu kriptovalyuta şirkətində operator kimi işə götürdüyünü deyib.

“Ukraynada olarkən işləməyə başladım. Xaqani mənə bir neçə obyektin şəklini çəkməyi tapşırdı. Bundan başqa, heç bir qanunsuz hərəkət etməmişəm. Ediki də işlədiyim şirkətdən tanıyırdım. Amid ilə telefonla və videozəng vasitəsilə danışmışam, amma onu real həyatda görməmişəm. Xaqani və Nərminin öldüyünü sosial şəbəkələrdən öyrəndim”, - deyə Səfərov bildirib.

İstintaq zamanı verilən ifadələrlə məhkəmədə səsləndirilən ifadələr arasında ziddiyyətlər aşkarlanıb. Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxslər cəzadan yayınmaq məqsədilə fərqli məzmunlu ifadələr verib və məhkəmə prosesi zamanı səmimi olmayıblar.

Məhkəmənin hökmünə əsasən, Amid Məmmədov və Nurlan Səfərovun hər biri 5 il, Edik İsrafilov isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki