Xəbər verildiyi kimi, mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə külli miqdarda dələduzluqda ittiham olunaraq həbs edilib. Onunla birlikdə saxlanılan Məmməd Məmmədzadə barəsində də həbs qətimkan tədbiri seçilib.
Referans Media xəbər verir ki, Bakı sakini Elşən Mahmudbəyli Musavat.com-a açıqlamasında bildirib ki, uzun müddətdir Rüfət Qasımzadə və onunla əlaqəli şəxslərdən şikayətçidir.
E.Mahmudbəylinin iddiasına görə, Qasımzadənin ona 55 min dollar və 18 min 700 manat borcu olub, həmin məbləğdən yalnız 8 min dollar geri qaytarılıb.
Şikayətçi digər şəxslərin də zərər çəkdiyini iddia edir. Onun sözlərinə görə, Mirəli Zəfərovun 50 min 600 dollar, Əbülfəz Allahverdiyevin 317 min manat məbləğində pulu qaytarılmayıb. Eyni zamanda, Seyid Əlburus adlı şəxsdən nisyə götürülmüş 143 min dollar dəyərində qızılın da geri verilmədiyini bildirir.
Elşən Mahmudbəylinin sözlərinə görə, onun Rüfət Qasımzadə ilə tanışlığı qızıl alveri ilə bağlı təklifdən sonra başlayıb. O, uzun illər Rusiyada yaşadığını, 2024-cü ildə Azərbaycana qayıtdığını deyib.
Şikayətçi bildirib ki, dostu Mirəli Cəfərov ona qızıl alveri ilə məşğul olan tanışlarının etibarlı olduğunu söyləyib. Sonradan həmin işin mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə tərəfindən idarə olunduğunu öyrənib.
E.Mahmudbəylinin sözlərinə görə, ailəsinin Ramiz Əzizbəylini uzun illərdir tanıması da onlarda əlavə etimad yaradıb. Onun atası Rüfət Qasımzadə ilə görüşərək işin detallarıyla maraqlanıb. Şikayətçinin iddiasına əsasən, Qasımzadə Mərkəzi Univermaqda və “Moskva” ticarət mərkəzində qızıl satışı ilə məşğul olduğunu, biznesin gəlirli olduğunu bildirib.
“Rüfət atama dedi ki, qızıl biznesinə başlamaq üçün 50 min dollar lazımdır. Hətta bu işdən qazandığı pulla üç ev və bahalı avtomobil aldığını söylədi. Beləliklə, biz ona çatdırmaq üçün tanış etdiyi Məmməd adlı şəxsə 45 min dollar verdik”, - deyə E. Mahmudbəyli bildirib.
Şikayətçinin sözlərinə görə, Qasımzadə həmin pulla qızıl alındığını və satışa başlanıldığını deyərək onlara hər ay 3 min manat gəlir vəd edib. Lakin bir neçə ay keçməsinə baxmayaraq, vəd edilən şərtlər yerinə yetirilməyib.
Elşən Mahmudbəyli iddia edir ki, Qasımzadə sonradan ondan, dostundan və digər şəriklərindən əlavə vəsaitlər alıb. 2024-cü ilin noyabrında ona 700 qram qızıl verildiyini, daha sonra isə ucuz qiymətə qızıl almaq bəhanəsi ilə əlavə 10 min dollar istənildiyini söyləyib.
Şikayətçinin sözlərinə görə, Qasımzadə məhsulun alınması üçün ümumilikdə 90 min dollar toplanmalı olduğunu bildirib və vəsaitin dekabr ayında gəlirlə birlikdə qaytarılacağını vəd edib. Ancaq Mahmudbəylinin iddiasına əsasən, pulun qaytarılması dəfələrlə təxirə salınıb.
Elşən Mahmudbəyli bildirib ki, 2025-ci ilin fevralında Rüfət Qasımzadə İstanbul gömrüyündə beş kiloqram qızılın saxlanıldığını və problemin həlli ilə məşğul olduğunu deyib.
Şikayətçinin sözlərinə görə, sonradan apardıqları araşdırma zamanı belə bir məlumatın təsdiqini tapa bilməyiblər. O iddia edir ki, məsələni araşdırdıqca Qasımzadənin digər şəriklərinin də pul itirdiyini öyrənib. Şikayətçi bu barədə Ramiz Əzizbəylinin qızları ilə də danışdığını və onların şikayət etməkdə sərbəst olduqlarını bildirdiklərini söyləyib.
E.Mahmudbəyli eyni zamanda həmin şəxslər tərəfindən təzyiq və şantajla üzləşdiyini iddia edir.
Onun sözlərinə görə, Rüfət Qasımzadənin dayısı Seyran Əzizbəyli də onunla məhkəmə mübahisəsinə girib. Şikayətçi Seyran Əzizbəylinin özünü Qasımzadənin şəriki kimi təqdim etdiyini, sonradan onun barəsində də şikayət etdiyini bildirib.
Mahmudbəyli qeyd edib ki, sentyabrın 7-də Səbail Rayon Məhkəməsində baxılan iş üzrə onun xeyrinə qərar qəbul olunub. Onun sözlərinə görə, oktyabrın 13-də eyni mübahisə ilə bağlı yenidən məhkəməyə müraciət edilib və işə təkrar baxılması məsələsi yaranıb.
Şikayətçi Rüfət Qasımzadə və digər şəxslərin onun şikayətini geri götürməsi üçün təzyiq göstərdiyini də iddia edib. O, bu təzyiqlərin vəkil Ərəstun Qasımov vasitəsilə həyata keçirildiyini bildirib.
