İranın xarici işlər naziri Seyid Abbas Əraqçi İsrail ilə əməkdaşlıq etdiyi iddia olunan region ölkələrinə sərt xəbərdarlıq edib.
Referans Media xəbər verir ki, açıqlamalar İsrail Baş naziri Benyamin Netanyahunun müharibə dövründə Birləşmiş Ərəb Əmirliklərinə gizli səfər etdiyi barədə xəbərlərin yayılmasından sonra verilib.
Abbas Əraqçi sosial media hesabında etdiyi paylaşımda İsrail ilə İran əleyhinə əməkdaşlıq edən ölkələrin “hesab verəcəyini” bildirib. O, İsraillə iş birliyinin “bağışlanmaz” olduğunu vurğulayıb.
İranlı nazir qeyd edib ki, Tehran uzun müddətdir bəzi region ölkələrinin İsrail ilə gizli əlaqələri barədə məlumatlara malikdir və bu proseslərin artıq açıq şəkildə təsdiqləndiyini iddia edib.
Məlumatlara görə, Netanyahu müharibə zamanı BƏƏ-yə gizli səfər edib və bu görüşlərdən sonra İsrailin bölgədə bəzi hərbi və təhlükəsizlik addımları atdığı iddia olunur.
İran tərəfi isə bu cür əməkdaşlıqların regionda gərginliyi artırdığını və nəticələrinin olacağını bildirir. Körfəz ölkələri ilə İsrail arasındakı gizli təmas iddiaları Yaxın Şərqdə diplomatik gərginliyi daha da yüksəldib.
