Bakının Nizami rayonunda qəzalı və istismar müddətini başa vurmuş binaların sökülməsi, ərazilərin abadlaşdırılması və yeni yaşayış komplekslərinin tikilməsi nəzərdə tutulur. Yenidənqurma işlərinin köhnə mənzil fondunun yenilənməsinə, infrastrukturun yaxşılaşdırılmasına və daşınmaz əmlak bazarında qiymət dəyişikliklərinə təsir edəcəyi gözlənilir. Bu baxımdan söküntü aparılacaq ərazilərdə və ətraf məhəllələrdə mənzil qiymətlərinin necə dəyişəcəyi maraq doğurur.
Referans Media-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, Bakı şəhərinin 2040-cı ilədək Baş Planına uyğun olaraq, paytaxtın 12 rayonunda qəzalı və istismar müddətini başa vurmuş binaların sökülməsinə başlanılır.
Onun sözlərinə görə, bu istiqamətdə mərhələli plana uyğun fəaliyyət göstərilir. Nizami rayonu da həmin rayonlardan biridir. Elşən Süleymanov, Kamil Balakişiyev, Məmmədəli Şərifli, Rizvan Teymurov küçələrində, həmçinin Babək və Cəmşid Naxçıvanski prospektlərində köhnə tikililərin və yataqxanaların sökülməsinə başlanılması nəzərdə tutulur.
Vüqar Oruc qeyd edib ki, bu proses daşınmaz əmlak bazarına da təsir göstərəcək. Belə ki, köhnə binalar sökülərək onların yerində yeni binalar inşa edildikdə, qiymətlər əvvəlki qiymətlərlə müqayisədə təxminən 30-50 faiz yüksək ola bilər.
AQC sədri bunu yeni binaların tikintisi xərclərinin yüksək olması, müasir üslubda inşa edilməsi, materialların dəyəri və komfort tələblərinə cavab verməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, köhnə və yeni binalar arasında ciddi fərqlər olduğundan, qiymətlərdə də fərqin yaranması təbiidir.
Ekspert əlavə edib ki, ərazilərdə abadlıq işlərinin aparılması, parkların salınması və küçə-prospektlərdə infrastrukturun dəyişdirilməsi həmin yerləri daha cəlbedici edəcək. Bu da ərazilərin investisiya baxımından marağını artıra bilər.
Onun sözlərinə görə, yeni yaşayış komplekslərinin inşası zamanı həmin ərazilərə maraq yüksəlir və investisiyalar əsasən yeni tikililərə yönəlir. Bu proses də qiymət artımı ilə nəticələnə bilər.
Vüqar Oruc bildirib ki, sökülməsi planlaşdırılan 8 binanın yerləşdiyi ərazilərdə yaşayış sahələri üçün kompensasiya məbləğinin orta hesabla 2000-2800 manat civarında olacağı ehtimal edilir. Həmin ərazilərdə yeni binalar tikildikdə isə mənzillərin qiyməti 2700-3500 manat və daha yüksək ola bilər. Qiymətlərin hansı səviyyədə olacağı inşa ediləcək yaşayış kompleksinin və binanın xüsusiyyətlərindən asılıdır.
AQC sədri hesab edir ki, Nizami rayonunda yenidənqurma işləri plan üzrə həyata keçirildikdə köhnə mənzil fondu yenilənəcək və yeni mənzil fondu formalaşacaq. Bu da ərazidə evlərin keyfiyyətinin artmasına şərait yaradacaq.
O, həmçinin qeyd edib ki, söküntü prosesi başlamadan belə, yenidənqurma və yeni infrastrukturun yaradılması ilə bağlı xəbərlər Nizami rayonunda daşınmaz əmlaka marağın artmasına təsir göstərə bilər.
Gülnaz Abdullazadə
