Ölkə iqtisadiyyatında cəmi 1,2 faiz artım – Səbəblər AÇIQLANDI

Sentyabrın ilk günlərində açıqlanan iqtisadi göstəricilər Azərbaycanda iqtisadi artımın tempinin əvvəlki dövrlə müqayisədə zəiflədiyini göstərir. 2026-cı ilin yanvar–avqust aylarında ölkədə 87,7 milyard manatlıq ÜDM istehsal edilib və iqtisadi artım 1,2 faiz təşkil edib.

Halbuki ayrı-ayrı sahələr üzrə göstəricilər daha yüksək dinamikanın olduğunu göstərir: nəqliyyat və anbar təsərrüfatında artım 8,7 faiz, informasiya və rabitədə 10,7 faiz, kənd təsərrüfatında 2,6 faiz, qeyri-neft-qaz sənayesində isə 5,4 faizdir. Əsas kapitala investisiyaların 10 faiz artması da diqqət çəkir.

Bu rəqəmlər isə təbii olaraq sual yaradır: ayrı-ayrı sektorlar üzrə nəzərəçarpacaq artım olduğu halda, ümumi iqtisadi artım niyə cəmi 1,2 faizlə məhdudlaşıb? Neft-qaz sektorundakı 0,8 faizlik geriləmə ümumi göstəriciyə nə qədər təsir edir? İnvestisiyaların artımı iqtisadiyyatda niyə daha yüksək nəticəyə çevrilmir və hazırkı dinamika Azərbaycanın iqtisadi perspektivləri baxımından nə deməkdir?

Referans Media-nın xəbərinə görə, iqtisadçı Eyyub Kərimli səbəbləri açıqlayaraq bildirib ki, ilk növbədə neft-qaz sektorundakı geriləmə ümumi iqtisadi artıma təsir göstərir. Musavat.com bildirir ki, ekspert birinci səbəbin neft-qaz sektorundakı geriləmə olduğunu söyləyib.

Eyyub Kərimli: “Azərbaycanın enerji ixracatçısı kimi rolu daha da artacaq”

“Azərbaycan iqtisadiyyatında bu sektorun çəkisi hələ də böyük olduğundan hasilatdakı azalma ümumi ÜDM artımını aşağı çəkir. İkinci mühüm məsələ qeyri-neft sektorudur. 2,1%-lik artım müsbət göstəricidir, lakin iqtisadiyyatın neftdən asılılığını sürətlə azaltmaq və daha yüksək ümumi artım yaratmaq üçün yetərli deyil. Digər tərəfdən, qeyri-neft sənayesinin 5,4%, nəqliyyatın 8,7%, informasiya və rabitənin 10,7% böyüməsi iqtisadiyyatda yeni artım nöqtələrinin formalaşdığını göstərir. Əsas məsələ bu artımın iqtisadiyyatın daha geniş sahələrinə yayılmasıdır",- Eyyub Kərimli vurğulayıb.

İqtisadçı hesab edir ki, əsas hədəf yalnız qeyri-neft sektorunda artım əldə etmək olmamalıdır. Onun sözlərinə görə, bu artımın iqtisadiyyatın digər sahələrinə də yayılması və daha yüksək tempə çatması vacibdir: “Bu gün qarşımızda duran əsas iqtisadi vəzifə təkcə “qeyri-neft sektoru artır” demək deyil. Məqsəd həmin artımın sürətini yüksəltmək, özəl investisiyaları və istehsalı genişləndirmək, ixrac qabiliyyətli yeni müəssisələr yaratmaq və nəticədə bunu yeni iş yerlərinə və əhalinin real gəlirlərinin artmasına çevirməkdir. Çünki iqtisadi artımın əsas nəticəsini son nəticədə statistika deyil, vətəndaş öz gəlirində və həyat səviyyəsində hiss etməlidir"./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki