Onlayn qumar oyunları ilə bağlı XƏBƏRDARLIQ – Cəzalar sərtləşdirilir

Qumar oyunları ilə bağlı cəzalar sərtləşdirilir.

Referans Media  xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirə edilən Cinayət məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub. 

Layihəyə əsasən, qumar oyunlarının virtual formada, o cümlədən internet şəbəkəsindən, mobil rabitə şəbəkəsindən, sosial şəbəkə platformalarından, digər elektron rabitə vasitələrindən, habelə internet və mobil telekommunikasiya tətbiqlərindən və ya digər texnologiyalara əsaslanan platformalardan istifadə edilməklə təşkili və keçirilməsi cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə edilməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Hazırda qüvvədə olan sanksiyada cərimənin məbləği konkret aralıqda (on min manatdan on beş min manatadək) nəzərdə tutulduğu halda, layihəyə əsasən cərimə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda müəyyən ediləcək.

Həmçinin, qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama əməlinin təkrar törədildiyi, yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildiyi, xeyli, külli, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildiyi və s. hallar üçün cəzaların sərtləşdirilməsi nəzərdə tutulur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki