Oruc tutmaq sağlamlığa necə təsir edir? DİETOLOQDAN AÇIQLAMA

Ramazan ayında düzgün qidalanma həm sağlamlığın qorunması, həm də gün ərzində enerjinin balanslı saxlanılması baxımından xüsusi əhəmiyyət daşıyır. Uzunmüddətli aclıqdan sonra iftar və sahurda edilən qida seçimləri mədə-bağırsaq sisteminə, immunitetə və ümumi çəki balansına birbaşa təsir göstərir. Lakin oruc tutarkən bəzi qaydalara əməl edilmədikdə sağlamlıqla bağlı problemlər yarana bilər.

Referans Media-ya açıqlama verən dietoloq Ləman Süleymanova bildirib ki, tibbi ilə din, xüsusilə İslam dini bir-birini tamamlayır və Ramazan ayının insan orqanizminə tibbi baxımdan müsbət təsiri böyükdür. Onun sözlərinə görə, oruc yalnız dini baxımdan deyil, eyni zamanda tibbi baxımdan da insan orqanizminin təmizlənməsinə, daxili orqanların fəaliyyətinin yaxşılaşmasına güclü təsir göstərir.

Dietoloq vurğulayıb ki, Ramazan ayında düzgün oruc tutan və düzgün oruc tutmayan insanlar var. Düzgün qaydada oruc tutan şəxslərdə bunun müsbət təsiri yüksək olur. Lakin qaydalara əməl etməyən insanlarda həm oruc müddətində, həm də Ramazandan sonra bir sıra tibbi problemlər müşahidə edilə bilər.

Ləman Süleymanovanın sözlərinə görə, dini nöqteyi-nəzərdən imsaqa qalxmaq və sahur etmək vacibdir. Çünki səhər yeməyi ümumilikdə insan üçün önəmlidir və gün ərzində enerji balansının qorunmasına xidmət edir. Sahurda qəbul edilən qidalar elə seçilməlidir ki, gün boyu enerji versin və suya tələbatı minimuma endirsin. Duzlu və acılı qidalar məsləhət görülmür, daha çox enerji mənbəyi olan qidalara üstünlük verilməlidir.

Dietoloq qeyd edib ki, iftara bir saat qalmış yüngül fiziki aktivlik həzm prosesinə kömək edir. İftar süfrəsi isə sadə olmalıdır. Orucu bir stəkan su ilə açmaq vacibdir, çünki su orqanizmi qəbula hazırlayır. Daha sonra xurma tövsiyə olunur. Xurmanın tərkibindəki maddələr həzmi yaxşılaşdırır, tərkibində olan şəkər isə beyinə müsbət təsir göstərərək gündəlik şəkər ehtiyacını qismən qarşılayır.

Onun sözlərinə görə, iftar süfrəsində yarım boşqab şorba və bir çeşid quru yemək kifayətdir. Təxminən yarım saat sonra isə bitki çayı qəbul etmək daha sağlam seçimdir.

Lakin mütəxəssis təəssüf hissi ilə bildirib ki, bəzi insanlar günün böyük hissəsini yataraq keçirir, iftara az qalmış oyanır və süfrədə çoxsaylı yeməklər, şirniyyatlar təqdim olunur, hətta səhərə qədər qida qəbul edilir. Bu isə həm dini, həm də tibbi baxımdan düzgün hesab edilmir.

Dietoloq xəbərdarlıq edib ki, belə hallarda mədə yüklənir, arterial təzyiqi yüksək olan şəxslərdə təzyiq arta, şəkər xəstələrində isə qanda şəkər səviyyəsi yüksələ bilər. Həm arterial təzyiqin, həm də şəkərin eyni anda yüksəlməsi həyati təhlükə yarada bilər. Ən yüngül halda isə çəki artımı müşahidə olunur.

Mütəxəssis vurğulayıb ki, oruc həm dini, həm də tibbi baxımdan düzgün qaydada tutulmalıdır ki, insan sağlamlığı üçün faydalı olsun.

Gülnaz Abdullazadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki