Məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd dərhal icra olunacaq

Məhsul şəhadətnaməsi üzrə öhdəlik icra edildikdə borclu tərəfindən öhdəliyin icrasını təsdiq edən sənədlər (maliyyə məhsul şəhadətnaməsinə münasibətdə borcun ödənilməsi barədə ödəniş qəbzi, əmtəə məhsul şəhadətnaməsinə münasibətdə təhvil-təslim aktı) 3 (üç) iş günü müddətində informasiya sisteminə daxil edilir və bu məhsul şəhadətnaməsi üzrə öhdəliyin tam icra edilməsi barədə qeyd hesab edilir. Bu qeydin doğruluğu və ya daxil edilmiş sənədlərlə bağlı yaranmış mübahisələr tərəflərin qarşılıqlı razılığı ilə həll edilir və ya həmin mübahisələrə məhkəmə qaydasında baxılır.

Referans Media  xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni hazırlanan “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

İnformasiya sistemində məhsul şəhadətnaməsi üzrə nəzərdə tutulmuş qaydada öhdəliyin tam icra edilməsi barədə qeydin olmaması məhsul şəhadətnaməsinin mülkiyyətçisinin başqa sübut və dəlillər təqdim etmədən məhsul şəhadətnaməsi üzrə pul və başqa öhdəliklərin mövcudluğunu və bu öhdəliklər üzrə icranın tələb edilməsi hüququnu təsdiq edir.

Məhsul şəhadətnaməsi üzrə öhdəlik icra edilmədikdə və ya lazımi qaydada  icra edilmədikdə təminata Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tutma yönəldilə bilər. 

Məhsul şəhadətnaməsi üzrə öhdəlik icra edilmədikdə və ya lazımi qaydada  icra edilmədikdə məhsul şəhadətnaməsinin mülkiyyətçisinin müraciəti ilə informasiya sistemində dərhal məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd tərtib edilir və məhsul şəhadətnaməsi üzrə təminata tutma yönəldilməsi üçün “Elektron icra” informasiya sisteminə göndərilir.

Məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd məhsul şəhadətnaməsinin təminatı üzərində sahibliyin icra məmuru tərəfindən borcludan alınıb məhsul şəhadətnaməsinin mülkiyyətçisinə verilməsini müəyyən edir. Məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd dərhal icra olunmalıdır.

Əgər məhsul şəhadətnaməsinin təminatının satışından götürülən məbləğ məhsul şəhadətnaməsinin mülkiyyətçisinin tələbini ödəmək üçün yetərli deyildirsə və  tərəflərin razılaşmasına əsasən başqa qayda nəzərdə tutulmamışdırsa, məhsul şəhadətnaməsinin mülkiyyətçisi çatışmayan məbləği Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq borclunun başqa əşyasından almaq hüququna malikdir.

Qeyd edək ki, bu qanun dərc edildiyi gündən 3 ay sonra qüvvəyə minəcək./"Unikal"/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki