"BERLİNİN "SC STAAKEN" KLUBUNUN AZƏRBAYCANLI MÜDAFİƏÇİSİ: Zeyd Nəsirulla U19 Gənclər Liqasında yeni mövsümə başladı!
Ötən mövsüm U19 Bundesliqasında "Bavariya" və "Leypziq" kimi nəhənglərlə bir liqada mübarizə aparan 17 yaşlı azərbaycanlı müdafiəçi Zeyd Nəsirulla yeni çempionatda Berlinin "SC Staaken 1919" klubunun uğurları üçün tər tökəcək.
Ötən mövsüm "Berliner AK 07" heyətində U19 Gənclər Bundesliqasında (DFB Nachwuchsliga) göstərdiyi inamlı oyunla diqqətləri üzərinə çəkən soydaşımız karyerasında yeni səhifə açıb. Hələ 17 yaşı olmasına baxmayaraq, özündən yaşça böyüklərin yer aldığı U19 kateqoriyasında artıq zəngin liqa təcrübəsi toplayan mərkəz müdafiəçisi, bu mövsümdən etibarən Berlin təmsilçisi "SC Staaken 1919" klubunun U19 komandasının şərəfini qoruyur.
İkili mübarizələrdəki sərtliyi, boy üstünlüyü (185 sm) və müdafiədən hücuma dəqiq çıxışları ilə seçilən gənc futbolçu, Almaniya gənclər futbolunda özünü ən yaxşı tərəfdən göstərməkdə davam edir.
Almaniya nəhənglərinə qarşı sınaqdan keçən təcrübə:
U19 Bundesliqasında "Bavariya", "RB Leypziq" kimi Avropanın aparıcı klublarının akademiyalarına qarşı qazanılan təcrübə, Zeydin gələcək peşəkar karyerası üçün həlledici rol oynayır. Berlinin "SC Staaken" klubunun məşqçilər korpusunun böyük güvən bəslədiyi Nəsirullanın bu mövsüm də müdafiə xəttinin əsas sütunlarından biri olacağı və milli komandalarımızın diqqət mərkəzində qalacağı gözlənilir.
