Payız aylarında respirator xəstəliklərin, o cümlədən qrip və digər virus infeksiyalarının yayılması hər il müşahidə olunur. Mütəxəssislər bu dövrdə insanların immun sisteminin zəifləməsi, şəxsi qorunma tədbirlərinə əməl edilməməsi və xəstə şəxslərin sosial təmaslarını davam etdirməsinin yoluxmaların artmasına səbəb olduğunu bildirirlər.
Azərbaycan Tibb Universitetinin professoru, tanınmış həkim Adil Qeybulla Referans Media-ya açıqlamasında payız aylarında respirator xəstəliklərin artmasının gözlənilən proses olduğunu deyib:
“Ümumiyyətlə, bu, bizim üçün təəccüblü deyil. Hər il payız vaxtı bu soyuqdəymə xəstəlikləri adı altında ümumiləşdirilmiş respirator xəstəliklərin tüğyan etməsinin şahidi oluruq”.
Həkim xəstəliklərin yayılmasında insanların sağlamlıqlarına kifayət qədər diqqət yetirməməsinin də rol oynadığını vurğulayıb:
“Çünki biz ümumiyyətlə heç nəyə əhəmiyyət vermirik. Birinci, özümüzü qorumuruq, qidalanmamıza diqqət etmirik, fiziki aktivliklə məşğul deyilik, sonra təmiz havada az gəzirik. İmmun sistem yatmış durumda olur”.
Adil Qeybulla qeyd edib ki, xəstəliklərin yayılmasının əsas səbəblərindən biri də xəstələnən şəxslərin digər insanlarla təmasını davam etdirməsidir:
“Hər hansı bir yerdə özünü qorumayan, skvoznakda oturan, deyək ki, bədəni zəif olan şəxsdə soyuq dəymədən nəfəs yollarında viruslar fəallaşır. Sonra isə həmin şəxs başqalarını yoluxdurmağa başlayır”.
Onun sözlərinə görə, xəstəlik zamanı həm şəxsin özünü, həm də ətrafındakı insanları qoruması vacibdir:
“Evdə ya maska geyinmir, ya bayırda geyinmir, evdə ailə üzvlərini xəstələndirir, hər yerə – işə gedir, məktəbə gedir və beləliklə də yayılır. Yəni işdə də heç kim maska taxmır. Ya biz özümüzü qoruyuruq, ya da başqalarını qorumuruq. Məsələ bundan ibarətdir”.
Həkim respirator xəstəliklərdən qorunmağın mümkün olduğunu və bunun həm də ictimai məsuliyyət məsələsi olduğunu bildirib:
“Bunu qorumaq mümkündür. Yəni ən azı maska taxmaq, müəyyən məsafə gözləmək, başqasını yoluxdurmamağa çalışmaq özü də bir mədəniyyət nümunəsidir. Bundan çalışmaq lazımdır”.
Adil Qeybulla xüsusilə immun sistemi zəif və yanaşı xəstəlikləri olan şəxslərin risk qrupunda olduğunu diqqətə çatdırıb:
“Təsəvvür edin ki, hər hansı bədəni zəif olan, müxtəlif yanaşı xəstəlikləri olan şəxs qripdən dünyasını dəyişə bilər. Hər il bu soyuqdəymə xəstəliklərindən yüz minlərlə adam dünyasını dəyişir. Bu artıq öyrənilmiş, yəni adət edilmiş statistikadır. Biz bundan nəticə çıxartmalıyıq”.
Həkim xəstəlik zamanı özbaşına dərman, xüsusilə də antibiotik qəbul edilməsinin düzgün olmadığını da vurğulayıb:
“Evdə hər hansı özbaşına dərman qəbul etmək məqsədəuyğun deyil. Antibiotik qəbul etmək də məqsədəuyğun deyil. Yalnız bol maye qəbul etmək, yataq rejimində olmaq və dərman qəbul etmək zərurəti ancaq həkimin nəzarəti və tövsiyəsi ilə həyata keçirilməlidir”.
Beləliklə, mütəxəssis payız-qış mövsümündə respirator infeksiyalardan qorunmaq üçün şəxsi gigiyena qaydalarına əməl etməyi, xəstəlik zamanı sosial təmasları məhdudlaşdırmağı və müalicə ilə bağlı özbaşına qərar verməməyi tövsiyə edir.
Sima Babayeva
