“Ermənistanın Seçki Məcəlləsinə təklif edilən dəyişikliklər Moldova nümunəsində olduğu kimi vətəndaşları seçkilərdə iştirak hüququndan məhrum edə bilər”.
Referans Media xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Yeni qaydalara əsasən vətəndaşlar yalnız səsvermə və ya referendum günündən əvvəlki altı ay ərzində faktiki olaraq respublika ərazisində yaşamış olduqları halda seçkilərdə iştirak edə biləcəklər.
Qanunlar adətən ölkə vətəndaşlarının hüquqlarını qorumaq üçün qəbul edilir. Amma burada, əksinə, Ermənistan pasportu olan insanlar əsas hüquqlarının bir hissəsindən, xüsusilə də seçkilərdə iştirak hüququndan məhrum edilirlər”, – deyə o bildirib.
Zaxarova əlavə edib ki, respublikada avropalı mütəxəssislərin fəal fəaliyyəti fonunda istər-istəməz Moldovada keçirilmiş 2025-ci il seçki kampaniyası yada düşür.
Onun sözlərinə görə, həmin vaxt Maia Sandu hakimiyyəti Rusiyada yaşayan moldovalıların seçki hüququndan istifadə etməsinin qarşısını almaq üçün məqsədyönlü addımlar atmışdı:
“Ermənistanla bağlı da eyni vəziyyət yaranır. Belə çıxır ki, diaspora öz ölkəsinin və xalqının ictimai-siyasi həyatından kənarda qalacaq”.
Zaxarova qanun layihəsinin ictimaiyyətə təqdim olunma formasına da diqqət çəkib.
“Gördük ki, hakimiyyətə yaxın bəzi KİV-lərdə bu layihə guya Kremlin mifləşdirilmiş hibrid hücumlarına qarşı mübarizə vasitəsi kimi təqdim olunurdu. İddia edilirdi ki, Moskva Ermənistandakı parlament seçkilərinə təsir göstərmək üçün Rusiyadakı erməni diasporunun resurslarından istifadə etməyə çalışır.
Məncə, bu mif Ermənistan Milli Təhlükəsizlik Xidmətinin açıqladığı rəqəmlərlə dağılır. Onların məlumatına görə, 2025-ci ilin may-iyun aylarında respublikaya ötən ilin eyni dövrü ilə müqayisədə daha çox vətəndaş daxil olub. Belə olan halda, sonda çirkli əllərə sahib olan kimdir?”.
