Pensiyalarla bağlı ƏHALİNİ SEVİNDİRƏCƏK XƏBƏR: Əlavə ödəniş gəlir

Prezidentin yeni sərəncamı ilə pensiyaların 9,3 faiz artırılması və pensiya kapitallarının 5,6 faiz indeksləşdirilməsi sosial təminat sistemində mühüm dəyişiklik kimi qiymətləndirilir. Qərar həm hazırda pensiya alan vətəndaşların sosial rifahına, həm də gələcək pensiyaçıların təminatına yönəlmiş mexanizmləri əhatə edir. Mövcud indeksasiya qaydası pensiyaların iqtisadi göstəricilərə uyğun şəkildə artırılmasını nəzərdə tutur.

Məsələ ilə bağlı Referans Media-ya danışan iqtisadçı Xalid Kərimli bildirib ki, 2017-ci ildə pensiya qanunvericiliyinə edilən dəyişikliklərdən sonra pensiyalar avtomatik indeksasiya mexanizminə bağlanıb. Onun sözlərinə görə, hər il pensiyaçıların pensiyası əvvəlki ildə muzdla işləyən işçilərin orta aylıq əmək haqqının illik artım faizinə uyğun olaraq indeksləşdirilir. Bu mexanizm kifayət qədər proqressiv və ədalətli hesab olunur. Çünki iqtisadiyyatda əmək haqları artırsa, pensiyaçılar da eyni faiz dərəcəsində bu artımdan faydalanırlar. Prezident sərəncamı ilə həmin artım mexanizmi işə düşür. Orta aylıq əmək haqqının illik artım tempi adətən fevral ayının ilk ongünlüyündə müəyyənləşdirildiyi üçün artım retrospektiv qaydada tətbiq edilir və yanvar ayı üzrə nəzərdə tutulan artım fevral ayı ilə birlikdə ödənilir. Bu təkmilləşdirmə nəticəsində çıxma səbəbindən asılı olmayaraq bütün pensiyaçılar indeksasiya mexanizmindən yararlanırlar və hər il əmək haqlarının artım faizinə uyğun olaraq pensiyalarında artım müşahidə edirlər.

İqtisadçı əlavə edib ki, digər mühüm mexanizm hazırda çalışan şəxslərin pensiya kapitallarının indeksləşdirilməsi ilə bağlıdır. İşləyən şəxslərin topladığı vəsait inflyasiya tərəfindən dəyər itirməməsi üçün dövlət hər il pensiya kapitalının indeksasiyasını həyata keçirir. Ötən il 12 aylıq istehlak qiymətləri indeksi 5,6 faiz təşkil etdiyindən, pensiya kapitalları da yanvarın 1-dən etibarən həmin faiz qədər artırılır. Bu addım gələcəkdə pensiyaya çıxacaq şəxslərin pensiyasının həmin dövrün alıcılıq qabiliyyətinə uyğun hesablanmasına xidmət edir və uzun illər ərzində müşahidə olunan inflyasiyanın pensiyanın real dəyərinə mənfi təsir göstərməsinin qarşısını alır.

Xalid Kərimlinin sözlərinə görə, pensiya sistemində tətbiq olunan bu cür avtomatik indeksasiya mexanizmi həm cari pensiya alanların sosial müdafiəsinin gücləndirilməsi, həm də gələcək pensiyaçıların təminatının inflyasiyadan qorunması baxımından aparılan islahatların əsas iki istiqamətini təşkil edir. Bu mexanizm iqtisadiyyatda əmək haqlarının artım tempi və inflyasiya göstəricilərinə uyğun şəkildə işlədiyi üçün sistemli və davamlı xarakter daşıyır.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki