Deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin adının kriminal aləmlə əlaqələndirilən şəxslərlə hallanması Azərbaycanda bu sahədə mövcud vəziyyəti yenidən gündəmə gətirib. Xətai rayonunda bir nəfərin ölümü ilə nəticələnən kütləvi davada Əhməd Əlizadənin də iştirak etməsi ətrafında müzakirələr davam edir. Məhz bu olaydan sonra paytaxtda kriminal qruplaşmaların fəaliyyəti, biznes münasibətləri adı altında mümkün qanunsuz əlaqələri məsələləri gündəmə gəlib.
Bəs Azərbaycanda, xüsusilə də Bakıda kriminal qruplaşmaların fəaliyyəti hansı səviyyədədir?
İş adamı və biznesmen imici arxasında kriminal əlaqələr gizlədilə bilərmi?
Referans Media xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, kriminal qruplar bütün ölkələrdə var:
“Təbii ki, bizdə də kriminal qruplar mövcuddur. İndi də cinayətkarlar var və əksər hallarda onlar doğrudan da hansısa bir məmurun, deputatın və sair yüksək vəzifəli bir şəxsin himayəsindən istifadə edir. Yəni həmişə belə deyil, amma bu, bir reallıqdır”.
Əkrəm Həsənov
Hüquqşünas qeyd edib ki, Azərbaycanda digər ölkələrlə müqayisədə bu məsələlər daha məhduddur:
“Azərbaycanda kriminal qruplar çox azdır. Biz bəzən deyirik ki, polisimiz hər şeyə qarışır, müdaxilə edir. Amma etiraf etmək lazımdır ki, bunun müsbət tərəfi də məhz odur ki, bizdə kriminal qrupların fəaliyyəti çox azdır, çünki polisimiz çox güclüdür”.
Xatırladaq ki, oktyabrın 23-dən 24-nə keçən gecə Bakının Xətai rayonunda yerləşən restoranda baş verən kütləvi dava zamanı Ceyhun Mirağayev bıçaqlanaraq öldürülüb. Hadisə ilə bağlı saxlanılanlar arasında deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə də olub.
