Türkiyə polisi əməliyyat keçirib.
Referans Media xəbər verir ki, Kocaelinin Darıca rayonunda "TikTok" üzərindən yayılan bir hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub. Bir qadın canlı yayım açaraq həyat yoldaşı tərəfindən şiddət gördüyünü iddia edib.
Qısa müddətdə sosial mediada yayılan görüntülərdən sonra polis əməkdaşları hərəkətə keçərək ünvan üzrə araşdırma aparıb.
Polis tərəfindən aparılan yoxlamalar nəticəsində hadisənin iddia edildiyi kimi olmadığı müəyyən edilib. Araşdırma zamanı qadının daha çox izlənmə və diqqət qazanmaq məqsədilə özünə xəsarət yetirdiyi və hadisəni qəsdən qurduğu ortaya çıxıb.
Həqiqətin üzə çıxmasından sonra qadın “ictimaiyyəti yanlış məlumatlandırmaq” ittihamı ilə saxlanılıb və polis bölməsinə aparılıb. Daha sonra isə o, məhkəməyə göndərilib.
Hadisə sosial şəbəkələrdə “izlənmə xatirinə saxta hadisə yaratmaq” mövzusunda geniş müzakirələrə səbəb olub.
