Qarayara hansı halda ölümcül olur? - Bu əlamətlərə diqqət etmək lazımdır–Həkimdən xəbərdarlıq

Samux rayonunda qarayara xəstəliyinin təsdiqlənməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanılıb. İlkin məlumata görə, xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təması müəyyən edilib və ilk şəxsdən götürülən nümunənin laborator müayinəsi nəticəsində qarayara diaqnozu təsdiqlənib.

Hazırda xəstə heyvanla təmasda olan 9 nəfər şəxs Gəncədə yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. Onlardan laborator müayinə üçün nümunələr götürülərək Şəmkir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Digər təmaslı şəxslər də müəyyənləşdirilərək tibbi müşahidəyə cəlb olunub.

Bəs xəstəliyin ilkin əlamətləri nədir? Gecikdirilərsə, hansı fəsadları ola bilər?

Referans Media-ın məlumatına görə, Həkim-pediatr Vaqif Qarayev mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib: “Qarayara, əslində, heyvanlar arasında geniş yayılmış xəstəlikdir. Lakin insanlar da xəstə heyvanla, xüsusən dəridə kiçik kəsiklər belə olduqda təmasda olarlarsa, infeksiyaya yoluxa bilərlər. Bundan başqa, xəstə heyvanın toxumaları ilə təmas zamanı, eləcə də yaxşı bişirilməmiş (tam qaynadılmamış) xəstə heyvan əti istehlak edildikdə də yoluxma baş verir. Xəstəliyin törədicisi torpaqda uzun müddət qala bilir və müəyyən əlverişli şəraitdə aktivləşərək heyvanları, xüsusilə otyeyən heyvanları yoluxdurur.
WhatsApp Image 2026-08-14 at 14.26.52 (1).jpeg (21 KB)

Xəstəliyin üç ana forması var. Dəri forması- əvvəlcə dəridə kiçik qızartı şəklində büruzə verə bilər, daha sonra dərindən yara əmələ gəlir. Bu formanı müalicə etmək müqayisədə daha asandır. Ağciyər forması- qızdırmanın qalxması, nəfəs darlığı və halsızlıqla müşayiət olunur. Vaxtında tibbi müdaxilə olunmazsa, ölümə səbəb ola bilər. Bağırsaq forması- qızdırma, qusma və qanlı ishalla müşahidə edilir. Bir neçə gün davam etdikdə orqanizm kəskin susuzlaşır və nəticə yenə faciəvi ola bilir”.

Həkim Samuxda 9 nəfərin yoluxması faktını xatırladıb: “Buna adi baxmaq olmaz, deməli, orada infeksiya yayılıb. Həmin bölgədə insanlar çox ehtiyatlı olmalı, xəstə mal-qara ilə təmasdan qaçmalı və torpaqla təması məhdudlaşdırmalıdırlar. Sadalanan əlamətlər hətta yüngül formada olsa belə, dərhal həkimə müraciət edilməlidir. Çünki vaxtında başlanan müalicə itkilərin və faciəvi ağırlaşmaların qarşısını alır. Qorunmaq üçün isə, xüsusən baytarlar və mal-qara təsərrüfatında işləyənlər vaxtaşırı peyvənd olunmalıdırlar”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki