Ev alacaqların nəzərinə: Kombi dövrü bitir - Yeni binalarda istilik sistemi dəyişir

Azərbaycanda yeni çoxmərtəbəli binalarda fərdi kombi sistemlərinin əvəzinə mərkəzləşdirilmiş istilik və qazanxana sistemlərinin tətbiqi planlaşdırılır. Bu dəyişiklik təhlükəsizlik və enerji səmərəliliyi baxımından əsaslandırılsa da, yeni sistemlərin vətəndaşların aylıq xərclərinə necə təsir edəcəyi sual doğurur. Bəs mərkəzləşdirilmiş istilik sistemi kombidən daha sərfəli olacaq, yoxsa əksinə, sakinlərin xərclərini artıracaq?

Referans Media-nın suallarını cavablandıran Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, yeni tikililərdə qazanxana və ümumi istilik sisteminin tətbiqi ilə bağlı qərar artıq qəbul edilib.

Onun sözlərinə görə, bu tələb bundan sonra inşa olunacaq binalara aiddir:

“Artıq yeni tikililərdə mütləq qazanxana və ümumi istilik tətbiqi həyata keçirilir və kombilərdən, fərdi istilik sistemlərindən istifadə kənarlaşdırılır. Bu, ancaq bundan sonra inşa olunacaq tikililərə aiddir. Bu, həm təhlükəsizlik, həm eyni zamanda idarəetmənin asanlaşdırılması və gələcəkdə qənaət edilməsinin mümkünlüyü nəzərə alınaraq tətbiq olunub.

Hazırda mövcud tikinti normativlərinə uyğun olaraq inşa olunan binalarda yeni sistem tətbiq olunarsa, enerji sərfiyyatı üzrə xərclər arta bilər. Baxmayaraq ki, enerji sərfiyyatında müəyyən qənaət yarana bilər, xərclər artacaq”.

V.Orucun sözlərinə görə, fərdi istilik sistemində vətəndaş istilikdən istifadəni özü tənzimləyə və sistemi ehtiyac olmadığı zaman bağlaya bilir:

“İstilik sistemlərinin tətbiqi təkcə vətəndaşların əvvəlki qaydada fərdi şəkildə istilikdən istifadə etməsi ilə bağlı deyil. Həmin istilik sisteminin qapadılmasının mümkünlüyü və fərdi qaydada idarə edilməsi normativləri və qaydaları olduğuna görə, təbii ki, istiliyə və enerjiyə qənaət etmək fərdi sistemdə daha az xərc tələb edir.

Yox, əgər yeni normativlər tətbiq olunarsa, binaların çöl hissəsində hava izolyasiyası, su izolyasiyası həyata keçirilərsə, enerji qənaəti mümkünləşərsə, təbii ki, o zaman istilik sistemlərinin ümumi kateqoriyada tətbiq olunması daha sərfəli ola bilər”.

Ekspert qeyd edib ki, hazırda bu sistem o qədər də sərfəli görünməsə də, gələcəkdə yeni tikilən binalar yeni normativlərə cavab verərsə, istiliyə qənaət baxımından xərclərin aşağı düşməsi mümkündür.

“Amma nəzərə alsaq ki, ümumi istilik sistemi təkcə həmin sistemin çalışılması üçün xərclərdən ibarət deyil. Eyni zamanda texniki xidmət var, daimi nəzarət edəcək personalın əməkhaqqıları var və bu kimi digər xərclər mövcuddur. Əvvəlki fərdi istilik sistemlərində, yəni kombinin tətbiqində vətəndaş bunu ödəmirdi. Özü bu prosesi tənzimləyirdi və əlavə xərclər yaranmırdı. Amma indi təbii ki, əlavə xərclər yaranacaq”.

V.Oruc hesab edir ki, bu da müəyyən dövrdə ümumi qazanxanaların tətbiqi ilə formalaşan istilik sistemlərindən istifadə zamanı həmin binalarda yaşayan vətəndaşların daha çox xərc çəkməsinə səbəb ola bilər.

“Amma dövr keçdikcə bütün binalar təbii ki, izolyasiya sistemi baxımından müasir tələblərə cavab verərsə, yeni sistemin köhnə sistemə nisbətən daha çox enerjiyə və xərclərə qənaət etməsi mümkündür. Yəni belə bir ehtimal da var.

Amma hazırkı formada, hansı ki, 100 faiz binaların tikintisində hələ ki yeni normativlər tətbiq olunmur, baxmayaraq ki, həmin normativlərlə bağlı Azərbaycan Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən artıq qərar qəbul edilib, yeni sistemin daha sərfəli olduğunu demək çətindir”.

Ekspertin sözlərinə görə, yeni normativlər qüvvəyə mindikdən və yeni tikililərdə izolyasiya dərəcələri müasir standartlara cavab verdikdən sonra vəziyyət dəyişə bilər:

“Ola bilsin ki, həm binalarda yaşayan vətəndaşlar daha az enerji sərf etsinlər, yəni A kateqoriyalı binalar inşa olunsun və bu da xərclərin azalması ilə nəticələnsin. Amma indiki vaxtda təbii ki, fərdi sistem daha az xərc tələb edir, nəinki ümumi sistemin tətbiq olunduğu binalar”.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki