image-qizilbackend

Qızılın qiyməti ilə bağlı VACİB AÇIQLAMA: Bahalaşacaq, yoxsa?

Son dövrlər dünya bazarında qızılın qiymətində müşahidə olunan dəyişkənlik investorların diqqətini yenidən bu qiymətli metala yönəldib. Geosiyasi gərginlik, inflyasiya gözləntiləri və maliyyə bazarlarındakı risklər fonunda qızılın yaxın aylarda necə dəyişəcəyi maraq doğurur. Bəs qarşıdakı dövrdə qızılın qiymətində yenidən artım baş verə bilərmi?

Referans Media xəbər verir ki ,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, hazırda qızılın qiyməti bir sıra faktorların təsiri ilə formalaşan bazar konyunkturası fonunda dinamika nümayiş etdirir.

“ilkin müşahidələr göstərir ki, bazarlar geosiyasi riskləri müharibədən əvvəl müəyyən qədər qiymətləndirmişdi. Belə ki, fevralın 28-i ilə müqayisədə sonrakı həftənin ilk günlərində qızılın qiyməti ilkin mərhələdə təxminən 7 faiz artaraq 5400 ABŞ dolları səviyyəsinə yüksəlsə də, daha sonra yenidən 7 faiz civarında azalma müşahidə olunub. Yəni müharibə başladıqdan sonra qızılın qiymətində ucuzlaşma baş verib.
Bu prosesə əsas təsir edən amillərdən biri bazarların müharibə riskini əvvəlcədən qiymətləndirməsidir.
Xüsusilə, 2026-cı ilin yanvar və fevral aylarında baş verən proseslər bu gözləntilərin formalaşmasına səbəb olub”.

R.Həsənov əlavə edib ki, digər mühüm amil artan risklər və proqnozlaşdırma mühitinin pisləşməsidir.
“ ABŞ-da inflyasiya risklərinin yüksəlməsi və bunun fonunda Federal Ehtiyat Sisteminin uçot dərəcəsini azaltmayacağı ilə bağlı gözləntilərin güclənməsi dolların möhkəmlənməsinə səbəb olub. Nəticədə investisiyanın bir hissəsi dollar bazarına yönəldiyi üçün qızılın qiymətində kəskin artımlar qeydə alınmayıb.

Bazara təsir edən başqa faktorlar da mövcuddur. Belə ki, son illərdə qızıla böyük investisiya edən bəzi ölkələr – o cümlədən Polşa və Rusiyada qızıl satışının mümkünlüyü ilə bağlı təşəbbüslər müzakirə olunur. Xüsusilə müdafiə qabiliyyətini artırmaq üçün tələb olunan likvidliyin qızıl satışları hesabına təmin edilməsi istiqamətində siyasət formalaşır. Eyni zamanda, likvidlik çatışmazlığını balanslaşdırmaq məqsədilə Rusiyanın da dünya bazarına qızıl çıxarması ehtimalı yüksək qiymətləndirilir”.
Bununla yanaşı, iqtisadçı xatırladıb ki, son illərdə qızılın qiymətində ciddi artım qeydə alınıb. Onun sözlərinə görə, təkcə 2025-ci ildə qızılın qiyməti 70-76 faiz bahalaşıb və bu fonda qızıl hələ də riskli dövrlərdə ən optimal investisiya istiqamətlərindən biri hesab olunur.

“Növbəti dövrlərdə qızılın qiymətində yenidən artım mümkündür. ABŞ-da inflyasiyanın 3 faizdən aşağı düşəcəyi ilə bağlı gözləntilər dolların müəyyən qədər ucuzlaşmasına səbəb olub ki, bu da qlobal bazarda qızılın bahalaşması üçün zəmin yaradır. Bir sıra beynəlxalq maliyyə institutları isə 2026-cı ilin sonuna qədər qızılın qiymətinin 6 min dollara qədər yüksələ biləcəyini proqnozlaşdırır.
Bu prosesə təsir göstərə biləcək əsas amillərdən biri də ABŞ-da noyabr ayında keçiriləcək aralıq seçkiləridir. Əgər seçkilərin nəticələri mövcud administrasiyanın mövqeyini zəiflətsə, bu halda iqtisadi və geosiyasi siyasətlərdə daha rasional yanaşmalarla bağlı gözləntilər artar. Bu isə investorların qızıldan vəsaitlərini geri çəkərək real iqtisadi fəaliyyət sahələrinə yönəltməsi ilə nəticələnə və qızılın qiymətində müəyyən ucuzlaşma yarada bilər”.
Beləliklə, qızıl hələ də qlobal qeyri-müəyyənlik dövründə ən sabit investisiya alətlərindən biri hesab edilsə də, onun qiymətinin gələcək dinamikası həm geosiyasi proseslərdən, həm də ABŞ iqtisadiyyatında baş verəcək dəyişikliklərdən asılı olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki