Qidalanma üzrə mütəxəssislər qış aylarında tez-tez istifadə olunan quru meyvələr arasında ən faydalı olanı açıqlayıblar. Yüksək lif, kalsium və mineral tərkibi ilə seçilən bu quru meyvə pəhriz siyahılarının yeni “super meyvəsi” kimi göstərilir.
Referans Media xəbər verir ki, son araşdırmalar quru əncirin zəngin qida dəyəri ilə “pəhrizin ən iddialı meyvəsi” kimi önə çıxdığını ortaya qoyur. Mütəxəssislərin sözlərinə görə, əncir təkcə sağlam qəlyanaltı deyil, eyni zamanda təbii şəfa mənbəyi hesab olunur.
Quru əncir toxluq hissi yaratması ilə də digər quru meyvələrdən fərqlənir.
Quru ənciri oxşar məhsullardan ayıran ən diqqətçəkən cəhət onun gözləniləndən daha yüksək kalsium tərkibinə malik olmasıdır. Aparılan qiymətləndirmələrə əsasən, 100 qram quru əncirdə təxminən 214 milliqram kalsium var. Bu göstərici 160 milliqram kalsium ehtiva edən quru əriki geridə qoyur və orta hesabla 272 milliqram kalsium olan quru gavalı ilə rəqabət aparır. Mütəxəssislər xüsusilə sümük və oynaq sağlamlığını qorumaq istəyənlər, eləcə də osteoporoz riski daşıyan şəxslər üçün əncirin mühüm üstünlüklər təqdim etdiyini vurğulayırlar.
Lif baxımından da əncir açıq fərqlə öndədir. Quru gavalı ilə müqayisədə demək olar ki, iki dəfə çox lif tərkibinə malik olan quru əncir həzm sisteminə sərt təsir göstərmədən tarazlayıcı rol oynayır. Quru gavalının bəzən yaratdığı ani işlədici təsirin əksinə olaraq, əncir bağırsaq florasını zərif şəkildə dəstəkləyir, həzmi tənzimləyir və orqanizmin toksinlərdən təmizlənməsinə kömək edir.
Quru əncir uzun müddət toxluq hissi yaratması ilə də diqqət çəkir. Yüksək lif tərkibi sayəsində daha tez doyma hissi yaradan bu meyvə pəhriz saxlayanlar üçün sağlam və praktik ara yemək kimi tövsiyə olunur.
İnsulin müqavimətinə diqqət edənlər üçün də uyğun seçim sayılır.
Quru üzüm və xurma kimi qlisemik indeksi yüksək meyvələrdən fərqli olaraq, quru əncirin qlisemik indeksi təxminən 40 səviyyəsindədir. Bu xüsusiyyət qan şəkərində ani yüksəlişlərin qarşısını almaq istəyənlər və insulin müqaviməti olan şəxslər üçün ənciri daha təhlükəsiz seçimə çevirir.
Sağlam qidalanmanı seçənlərin əncirə üstünlük verməsinin digər səbəbi isə onun istehsal prosesidir. Quru əriklər çox vaxt rəngini qorumaq üçün kükürd dioksidlə emal edildiyi halda, əncirlər əsasən təbii üsullarla qurudulur. Bu da əncirin daha təbii və qatqısız məhsul kimi qəbul edilməsinə səbəb olur.
Bununla yanaşı, quru əncirin kalori dəyərinin yüksək olduğu da nəzərə alınmalıdır. Belə ki, 100 qram quru əncirdə təxminən 257 kalori var. Mütəxəssislər gün ərzində 3–4 ədəd quru əncirin kifayət etdiyini, onun yulaf, salat və ya lor pendiri ilə birlikdə sağlam ara yemək kimi istehlak oluna biləcəyini bildirirlər.
