Qusar təhsili barədə qısa xülasə

Qarşısına qoyulmuş vəzifələri yerinə yetirmək üçün Qusar rayonu üzrə təhsil sektoru öz fəaliyyətini təhsil qanunvericiliyinə və hüquqi normativ sənədlərə, yuxarı orqan və təşkilatların təhsillə bağlı əmr və sərəncamlarına, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tapşırıqlarına uyğun qurmuş və təlim-tərbiyə müəssisələrində tədris-pedaqoji proseslərin müasirləşdirilməsinə, idarəetmənin təkmilləşdirilməsi və optimallaşdırılmasına, təhsilin keyfiyyətinin yüksəldilməsinə, rayonda fəaliyyət göstərən ümumtəhsil, məktəbdənkənar və məktəbəqədər təhsil müəssisələrin fəaliyyətlərinin əlaqələndirilməsinə və təhsilə dövlət və ictimai nəzarətin həyata keçirilməsinə istiqamətləndirmişdir.

Rayon təhsilinə dövlətin diqqət və yüksək qayğısının nəticəsidir ki, hazırda rayonun təhsil müəssisələrin maddi-texniki bazası zənginləşdirilmiş, yüksək səviyyəli təhsil mühitinin yaradılması istiqamətində əsaslı işlər görülmüşdür. Qusar rayonunda dövlət büdcəsi hesabına 62 yeni məktəb, o cümlədən 17 modul tipli bina quraşdırılmış, 45 yeni məktəb binası tikilmişdir. 2025-ci ilin sentyabr ayında 264 yerlik Cibir kənd tam orta ümumtəhsil məktəbinin açılışı həyata keçirilmiş və 220 yerlik Kuzunqışlaq kənd tam orta ümumtəhsil məktəblərin tikintisi davam etdirilir. Cari ildə rayonun 11000 nəfərə yaxın şagirdi (75 faizə yaxın) yeni məktəb binalarında təhsil alır.

Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən rayonun Gündüzqala kənd tam orta, Zabit Rizvanov adına İmamqulukənd kənd tam orta, Xanbaba Səfərov adına Aşağı Ləgər kənd tam orta, Urva kənd tam orta ümumtəhsil məktəblərində və Qusar rayonu Uşaq-Gənclər İdman-Şahmat məktəbində yüksək keyfiyyətli təmir-bərpa işləri aparılmışdır.

Hazırda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Qusar rayonu üzrə təhsil sektorunun tabeliyində 81 ümumtəhsil məktəbi, o cümlədən 47 tam orta, 18 ümumi orta və 16 ibtidai məktəb, 2 məktəbdənkənar təhsil müəssisəsi və 12 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir ki, onlardan 72 məktəbdə tədris Azərbaycan dilində, 7 məktəbdə Azərbaycan və rus dillərində və 2 məktəbdə tədris Rus dilində aparılır. Rayonun 63 məktəbində tədris bir növbəli, 18 məktəbində iki növbəli rejimdə həyata keçirilir.

2025-ci ildə rayonun 81 ümumtəhsil məktəbinə (I-XI siniflər üzrə) 13953 şagird, məktəbəhazırlıq qrupunda isə 998 uşaq olmaqla rayon üzrə cəmi 14951 nəfər şagird təhsilə cəlb edilmiş, UTİS elektron sistemində qeydiyyata alınmış və həmin şagirdlər 858 sinif komplektində və 77 məktəbəhazırlıq qrupunda komplektləşdirilmişdir. Məktəbəqədər uşaq bağçalrına cari ildə uşaq qəbulu elektron qaydada həyata keçirilmiş və hazırda 458 nəfər uşaq MTİS elektron sistemdə qeydiyyatdan keçmişdir. Qusar rayonunda fəaliyyət göstərən 12 məktəbəqədər təhsil müəssisəsindən ikisi Qusar şəhərində, digərləri isə kəndlərdə yerləşir. Həmçinin, 16 ümumtəhsil məktəbində məktəbəqədər yaşlı uşaqlar üçün icma grupları təşkil edilmiş və Yuxarı Ləyər, Köhnə Xudat və İmamqulukənd kəndlərində evdə uşaq bağçaların yeni modeli olaraq, “Ailə tipli təlim qrupların təşkili layihəsi”nə əsasən 3-5 yaşlı uşaqlar üçün 3 qrup açılmış və hazırda həmin qruplarda gündə 2 saat olmaqla həftədə 5 gün məşğələlər keçirilir. Gələcəkdə icma əsaslı məktəbəhazırlıq qruplarının və evdə uşaq bağçaları layihəsinin rayonun digər yaşayış məntəqələrində genişləndirilməsi üçün tədbirlər həyata keçirilir.

Qusar rayonunda iki məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir: Qusar rayonu Uşaq-Gənclər İnkişaf Mərkəzi 38 qrupda 475 şagirdi və Qusar rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbi 36 qrupda 471 şagirdi asudə vaxtlarının səmərəli keçirilməsi üçün istək və arzularına və bacarıqlarına uyğun dərnək məşğələlərinə cəlb edilmişdir.

Təhsil müəssisələrində normal iş ahənginin qorunub saxlanıması, keyfiyyətli təlim-tərbiyə mühitinin inkişaf etdirilməsi məqsədi ilə sektor rəhbərliyi və əməkdaşları tərəfindən təhsil müəssisələlrində monitorinqlər keçirilmişdir. Monitorinqlərin nəticələri müzakirə edilmiş, qabaqcıl və geridə qalan istiqamətlər müəyyən edilərək gələcəkdə fəaliyyət planlarında nəzərdə tutulması müəssisə rəhbərlərinə tövsiyə edilmişdir. Cari il ərzində rayonun ümumtəhsil məktəblərində müxtəlif nominasiyalar üzrə innovativ layihələr həyata keçirilmişdir. “Rəqəmsal bacarıqlar” layihəsi 43 sinifdə 934 şagirdi, “Steam” layihəsi 28 sinifdə 590 şagirdi, “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi 15 qrupda 319 uşağı, “Peşə təhsili” layihəsi 3 sinifdə 60 nəfər şagirdi əhatə etmişdir. Bunlardan əlavə məktəblərdə “milli Hakaton yarışması”, “bil-bacar müsabiqəsi” və digər layihələr həyata keçirilmişdir.

Fəaliyyət planına uyğun olaraq ümumtəhsil müəssisələrində fənn aylıqları təşkil edilmiş, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, fənlərə marağın artırılması məqsədi ilə müxtəlif müsabiqə və tədbirlər həyata keçirilmişdir.

Şagirdlərin fənn olimpiadalarına hazırlıq məqsədilə rayonda 7 olimpiada mərkəzi yaradılmışdır. Fənlər üzrə olimpiadanın rayon mərhələsində 713 nəfər şagird iştirak etmiş və onlardan 110 nəfəri zona mərhələsində biliklərini sınamışlar. 4 nəfər şagird Respublika mərhələsində çıxış etmiş, onlardan biri Kərim Kərimov adına Hil kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi Məlikov Qəhrəman Şakif oğlu coğrafiya fənni üzrə I yer qazanaraq qızıl medala layiq görülmüş, Rubər Səfərəliyev adına Xuray kənd tam orta məktəbinin IX sinif şagirdi Məlikov Yasin İslam oğlu coğrafiya fənni üzrə II yer qazanaraq gümüş medala layiq görülmüşdür. Şagirdlərin fənn olimpiadalarında aktiv iştirakı daim diqqətdə saxlanılır və cari tədris ilinin fəaliyyət planına uyğun olaraq dekabr ayında məktəb mərhələsi həyata keçirilmişdir. Digər mərhələlər plana uyğun həyata keçiriləcəkdir və cari tədris ilində Respublika turunda 5 medalın əldə edilməsi hədəf kimi qarşımıza qoyulmuşdur.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” ümumrespublika müsabiqəsində Elxan Güləliyev adına Qusar şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Nuray Rəhimova III yerə layiq görülmüşdür.

Beynəlxalq “Kenquru” riyaziyyat olimpiadasında 735 nəfər şagird I mərhələsində iştirak etmişdir. 23 nəfər şagird növbəti mərhələyə keçmişdir. Qusar şəhər Tofik İsmayılov adına 6 nömrəli ümumtəhsil məktəbinin III sinif şagirdi Ağamətova Alina Ağamət qızı Kenquru olimpiadasının qalibi olaraq qızıl medal qazanmışdır. “Əlaçı” televiziya yarışmasında 4 nəfər şagirdimiz final mərhələsində iştirak etmişdir. Qusar şəhər Bəhruz Ağaverdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdləri Ağamirzəyev Elmir və Sultanov Tural yarışmanın qalibi olmuşdur. Tural Sultanov cari tədris ilində də qalib statusunu qoruyub saxlamışdır. 8 ay ərzində davam edən “Bil-Bacar” müsabiqəsində 3 nəfər şagird final mərhələsinə çıxmış, Qusar şəhər Bəhruz Ağaverdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi Sultanov Tural respublika üzrə müsabiqədə iştirak edən 150 şagird arasında II yerə layiq görülmüşdür.

2025-ci ildə rayonun ümumtəhsil məktəblərinin XI siniflərini 930 nəfər məzun bitirmişdir, rayon üzrə XI siniflər üzrə buraxılış imtahanının orta balı 107 bal olmuşdur (mümkün 300 baldan), bu isə region üzrə orta bal səviyyəsindədir. 24 nəfərə təhsildə qazandığı xüsusi nailiyyətlərə görə qırmızı (fərqlənmə) attestat, 905 nəfərə adi attestat verilmişdir. XI sinif məzunlrından 132 nəfər buraxılış imtahanında 200 baldan yuxarı nəticə göstərmişlər. XI sinif məzunlarından 281 nəfəri Respublikanın ali təhsil müəssisələrinə və 20-dən çox məzun isə xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olunmuşlar. Qəbul imtahanlarının nəticələrinə görə 6 nəfər məzun 600 baldan yuxarı nəticə göstərmişlər.

2025-ci ildə rayonun ümumtəhsil məktəblərinin IX siniflərini 1413 nəfər şagird bitirmişdir. IX siniflər üzrə buraxılış imtahanının orta balı 103 bal (mümkün 300 baldan) olmuşdur ki, bu da region üzrə orta baldan yuxarıdır. IX sinif şagirdlərindən 133 nəfəri buraxılış imtahanında 200 baldan yuxarı nəticə göstərmişlər. IX sinfi bitirmiş 29 nəfərə təhsildə qazandığı xüsusi nailiyyətlərə görə qırmızı (fərqlənmə) attestat, 1384 nəfərə adi attestat verilmişdir. IX sinifləri bitirmiş şagirdlərdən 1140 nəfəri ümumtəhsil məktəblərinin X siniflərinə, 120 nəfəri müxtəlif peşə məktəblərinə, 64 nəfəri kolleclərə qəbul olunmuşdur.

Şagirdlərin keyfiyyətli təhsil imkanlarının inkişaf etdirilməsi, qabaqcıl təcrübənin öyrənilərək yayılması və işlərini günün tələbləri səviyyəsində qura bilməyən kollektivlər barədə müəyyən tədbirlərin görülməsi üçün tərəfimizdən Quba-Xaçmaz Regional Təhsil İdarəsinə məlumatlar verilmişdir.

2025-ci il ərzində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Qusar rayonu üzrə təhsil sektorunun tabeliyində olan ümumtəhsil müəssisələrində şagirdlərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması, vətəndaşlıq mövqeyinin formalaşdırılması və maarifləndirmə işinin göcləndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir: 1. “Konstitusiya və Suveranlikİli! İlə əlaqədar 12000-dən çox şagirdin iştirakı ilə müxtəlif maarifləndirici tədbirlər, açıq dərslər və müzakirələr keçirilmiş, şagirdlərə hüquqi biliklərin aşılanması istiqamətində məqsədyönlü işlər görülmüşdür; 2. “8 Noyabr-Zəfər Günü” ilə əlaqədar ümumtəhsil müəssisələrində genişmiqyaslı tədbirlər təşkil edilmiş, bu tədbirlərdə 4500-dən çox şagird iştirak etmişdir. Keçirilən tədbirlər çərçivəsində rəsm sərgiləri, açıq dərslər, ağacəkmə aksiyaları, idman və şeir müsabiqələri təşkil olunmuş, şagirdlərdə vətənpərvərlik ruhunun gücləndirilməsinə xüsusi diqqət verilmişdir; 3. “12 Dekabr- Ümummilli Lider Heydər Əliyevin Anım Günü” ilə əlaqədar olaraq 5000-dən çox şagirdin iştirakı ilə açıq dərslər, bilik yarışları, dəyirmi masalar və ümumməktəb tədbirləri təşkil edilmiş, Ulu Öndərin zəngin irsi və dövlətçilik fəaliyyəti şagirdlərə təbliğ edilmişdir; 4. “Ümumdünya statistika günü” münasibətilə Dövlət Statistika Komitəsi tərəfindən gənclər arasında “Statistik Olimpiada” keçirilmişdir. Qusar rayon ümumtəhsil məktəblərindən 23 nəfər yuxarı sinif şagirdləri olimpiadada iştirak etmişdir. Qusar rayon Kərim Kərimov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 11-ci sinif şagirdi Qurbanova Günel Yafəs qızı respublika üzrə 1-ci yerə layiq görülmüşdür; 5. Məktəblilərin “Yüngül Atletka” üzrə üzrə respublika çempionatında Qusar rayon Urva kənd tam orta ümumtəhsil məktəbinin şagirdləri rayon və region turlarını uğurla keçərək respublika mərhələsinə yüksəlmişdir; 6. Ötən tədris ilindən başlamış “Milli Hakaton” yarışmasında Qusar rayon ümumtəhsil müəssisələrinin şagirdləri fəal iştirak edərək final mərhələsində Qusar şəhər Nemət Məmmədəliyev adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin 3 nəfər şagirdi, Qusar şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbinin 4 nəfər şagirdi və Qusar rayon Kərim Kərimov adına Hil kənd tam orta ümumtəhsil məktəbinin 1 nəfər şagirdi final mərhələsinə yüksəlmişdir. Qusar şəhər Nemət Məmmədəliyev adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Döyüşova Aliya Heydər qızı “Milli Hakaton” yarışmasının qalibi olmuşdur; 7. Qusar rayon Yuxarı Zeyxur kənd tam orta ümumtəhsil məktəbinin 11-ci sinif şagirdi Qayıbova Emiliya Vitalik qızı Azərbaycanda keçirilmiş “FERMUAT” Beynəlxalq Riyaziyyat Olimpiadasının milli mərhələsinin qalibi olmuş və qızıl medal qazanmışdır. Əlbəttə ki, sadalananlar ilboyu görülmüş tədbirlərin bir hissəsidir və məktəblər təsdiq olunmuş fəaliyyət planlarına uyğun nəzərdə tutulmuş bütün tədbirlərin həyata keçirilməsi istiqamətində əzmlə çalışırlar. Qusar rayonu üzrə təhsil sektoru olaraq ümumtəhsil müəssisələrində keçirilmiş bütün tədbirlərin sosial şəbəkələrdə paylaşılması işini xüsusi diqqətdə saxlayırıq.

Sentyabr və oktyabr aylarında Qusar rayon ümumtəhsil məktəblərinin rəhbərləri üçün “Peşəkar İdarəçilik” təlimi keçirilmişdir. Qusar rayon Ümumtəhsil məktəblərinin müxtəlif fənnlər üzrə 108 nəfər müəllimi fənnlərin tədrisində ixtisaslaşmış rəqəmsal texnologiyaların effektiv istifadəsi üzrə davam edən 2 aylıq təlim keçirilmişdir. Qusar rayon ümumtəhsil məktəblərinin Azərbaycn dili və xarici dil müəllimləri üçün 2 həftə davam edən “Metodiki xidmət qiymətləndirmə fəaliyyətinin effektiv təşkili” təlim keçirilmiş təlimdə 100 nəfər müvafiq ixtisaslı müəllimlər cəlb edilmişdir.

Qusar rayonu üzrə təhsil sektoru gələcək fəaliyyətində də təhsil müəssisələrində normal və işgüzar mühitinin yaradılması, təlim göstəriciləri aşağı olan məktəblərdə tədrisin keyfiyyətinin yüksəldilməsi, istedadlı uşaqlarla işin qurulması, buraxılış siniflərinin şagirdlərini yüksək imtahan nəticələrinin əldə edilməsi, ali məktəblərə qəbul olunan şagirdlərin qəbul sayının əhəmiyyətli dərəcədə yüksəldilməsi, fənn olimpiadalarında yüksək nəticələrə nail olması və digər inkişafyönümlü hədəfləri təmin etmək istiqamətində səylə çalışacaqdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki