Türkiyənin Trabzon vilayətində yerləşən Şana çayında qeydə alınan rəng dəyişikliyi yerli sakinlər arasında narahatlıq yaradıb.
Referans Media xəbər verir ki, Yomra rayonundan keçən çayın suyu səhər saatlarında təxminən bir saat ərzində qırmızı rəngdə axıb.
İlkin məlumata görə, hadisə hələlik naməlum səbəbdən baş verib. Çayın suyunun qəfil qırmızı rəng almasını görən sakinlər vəziyyətlə bağlı aidiyyəti qurumlara məlumat veriblər.
Mütəxəssislər hadisənin səbəbini müəyyənləşdirmək üçün çaydan su nümunələri götürərək laborator analizlərə başlayıblar.
Təxminən bir saat sonra isə suyun rəngi yenidən əvvəlki vəziyyətinə qayıdıb.
Qeyd edək ki, oxşar hadisə bir neçə gün əvvəl Türkiyənin Rize vilayətində yerləşən Dəyirməndərə çayında da müşahidə olunmuşdu. Həmin hadisə ilə bağlı da araşdırmalar aparılır.
