Tərtərdə ər-arvadın yanaraq öldüyü evdə yanğının qəsdən törədildiyini ehtimal etməyə əsas verən maddi sübut aşkarlanıb.
Referans Media Teleqraf-a istinadla xəbər verir ki, evə baxış keçirilərkən qabda yanacaq məhsulu tapılıb. Hadisə yerində ailənin yaxınları tərəfindən aşkarlanan həmin maddə ekspertiza qrupuna təhvil verilib.
Hazırda yanacaq məhsulunun tərkibi və yanğının qəsdən törədilib-törədilmədiyi ilə bağlı ekspertiza araşdırmaları aparılır.
Qeyd edək ki, Tərtər şəhərində baş verən yanğın zamanı evdə olan Əsgər Vəli oğlu Səmədov və həyat yoldaşı Adilə Soltan qızı Hüseynova yanaraq ölüb.
Faktla bağlı araşdırma davam etdirilir.
***
Hadisəni rayon sakini, 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyevin törətdiyi üzə çıxıb.
Müəyyən edilib ki, Vüqar Baxşəliyev sübh saatlarında 1941-ci il təvəllüdlü Əsgər Vəli oğlu Səmədov və onun həyat yoldaşı, 1954-cü il təvəllüdlü Adilə Soltan qızı Hüseynovanın yaşadığı evə oğurluq məqsədilə daxil olub.
İddialara görə, o, evdən oğurluq etdikdən sonra törətdiyi cinayətin izini itirmək məqsədilə yaşayış evinə od vurub və hadisə yerindən uzaqlaşıb.
Nəticədə evdə olan Əsgər Səmədov və Adilə Hüseynova yanaraq ölüb.
Faktla bağlı araşdırma davam etdirilir. Hadisənin bütün təfərrüatları və şəxsin əməlinə hüquqi qiymət istintaqın nəticələrinə əsasən müəyyənləşdiriləcək.
