Silahını uşağın əlinə verənlər həbs olunacaq – Yeni qanun qəbul edildi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasında "Uşaqların Müdafiəsi Haqqında Qanuna və bəzi qanunvericilik aktlarına dəyişiklik edilməsi barədə" qanun layihəsinin ilk iki maddəsi qəbul olunub.

Referans Media xəbər verir ki, yeni dəyişikliklərə əsasən, ağır cinayətlər törədən azyaşlılarla bağlı cəza mexanizmi sərtləşdirilir. Eyni zamanda, odlu silahı uşaqların əlinə keçə biləcək şəkildə saxlayan şəxslər üçün həbs cəzası nəzərdə tutulur.

Qəbul edilən maddələrdən biri silah sahiblərinin məsuliyyətini artırır. Dəyişikliyə əsasən, odlu silahını diqqətsiz və təhlükəsizlik qaydalarına zidd şəkildə saxlayaraq uşağın onu ələ keçirməsinə səbəb olan şəxs, əməli daha ağır cinayət tərkibi yaratmadığı halda, 1 ildən 3 ilədək azadlıqdan məhrum ediləcək.

Türkiyə Cinayət Məcəlləsinə edilən dəyişikliklə, cinayət törədərkən 12 yaşını tamamlamış, lakin 15 yaşını tamamlamamış uşaqların cinayət məsuliyyəti yenidən tənzimlənir.

Əgər uşağın törətdiyi əməlin hüquqi mahiyyətini və nəticələrini dərk etmədiyi, həmçinin davranışlarını idarə etmək qabiliyyətinin kifayət qədər inkişaf etmədiyi müəyyən olunarsa, o, cinayət məsuliyyətinə cəlb edilməyəcək. Bunun əvəzinə, onun barəsində uşaqlara xas təhlükəsizlik tədbirləri tətbiq olunacaq. Lakin uşağın əməlini dərk etdiyi və davranışlarını idarə edə bildiyi müəyyən edilərsə, cəza tətbiq ediləcək. Bu halda ağırlaşdırılmış ömürlük həbs cəzasını nəzərdə tutan cinayətlərə görə 13 ildən 18 ilədək,  ömürlük həbs tələb edən cinayətlərə görə isə 10 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası veriləcək. Digər cəzalarda isə yarıyadək endirim tətbiq olunacaq və hər bir əmələ görə təyin edilən həbs müddəti 9 ildən çox olmayacaq.

15-18 yaşlılar üçün cəzalar sərtləşdirilir

Cinayət törədərkən 15 yaşını tamamlamış, lakin 18 yaşına çatmamış şəxslərlə bağlı da yeni cəza müddətləri müəyyən edilir. Bu kateqoriyaya aid şəxslər ağırlaşdırılmış ömürlük həbs tələb edən cinayətlərə görə 19 ildən 27 ilədək, ömürlük həbs tələb edən cinayətlərə görə isə 15 ildən 18 ilədək azadlıqdan məhrum edilə biləcəklər.
Digər cəzalarda üçdəbir həcmində endirim tətbiq ediləcək və hər bir cinayət üzrə həbs müddəti 15 ildən artıq olmayacaq.

Bəzi ağır cinayətlərdə yaşa görə güzəşt tətbiq edilməyə bilər

Qəbul edilən digər dəyişikliklə "nəticəsi etibarilə ağırlaşmış qəsdən sağlamlığa zərər vurma" cinayətləri üzrə yaş endiriminin tətbiqi ilə bağlı qaydalar yenilənib.
Məhkəmə qərar qəbul edərkən təqsirin ağırlığını, cinayətin motivini, törədilmə üsulunu və uşağın əvvəllər qəsdən törədilmiş cinayətə görə məhkum olunub-olunmamasını nəzərə alacaq.

Bu meyarlar əsasında, qəsdən adam öldürmə və ya zərərçəkənin sağalması mümkün olmayan xəstəliyə yaxud vegetativ vəziyyətə düşməsinə səbəb olan ağır cinayətlərdə 15-18 yaş qrupu üçün yaşa görə cəza endirimi tətbiq edilməyə bilər.

Dəyişiklik həmçinin zərərçəkənin orqan və ya hiss üzvlərindən birinin funksiyasını itirməsi, danışmaq və ya uşaq sahibi olmaq qabiliyyətini itirməsi, üzündə daimi dəyişiklik yaranması, hamilə qadının dölünü itirməsi və ya ölümün baş verməsi ilə nəticələnən ağırlaşdırılmış xəsarət hallarını da əhatə edir.
Hakimə əlavə səlahiyyət verilir

Yeni qaydalara əsasən, 12-15 yaş qrupuna aid uşaqlarla bağlı müəyyən hallarda hakim həmin şəxsə 15-18 yaş qrupu üçün nəzərdə tutulan cəza rejimini tətbiq etmək səlahiyyətinə malik olacaq.

Təkrar cinayətlə bağlı maddə layihədən çıxarıldı

TBMM-də qəbul edilən digər təkliflə Cinayət Məcəlləsinin "Cinayətin təkrarı və xüsusi təhlükəli cinayətkarlar" barədə maddəsinə dair dəyişiklik qanun layihəsindən çıxarılıb.

Beləliklə, təkrar cinayət hallarına dair yaş istisnasının 18 yaşdan 15 yaşa endirilməsini nəzərdə tutan 3-cü maddə qəbul edilməyib.

Müzakirələrin 4-cü maddəsi zamanı iclasa fasilə verilib və daha sonra komissiya üzvlərinin zalda olmaması səbəbindən iclas saat 14:00-da davam etdirilmək üçün bağlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki