Son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri mal ətinin qiymətidir. Vətəndaşlar bildirirlər ki, bəzi rayonlarda 1 kiloqram mal əti 18 manata satıldığı halda, Bakı, Sumqayıt və digər iri şəhərlərdə qiymət 22-23 manata, bəzi yerlərdə isə daha yuxarıdır. Onların fikrincə, bu il yem bazasında ciddi bahalaşma olmayıb, əksinə, ot ötən illə müqayisədə ucuzlaşıb. Bu isə qiymət artımının səbəbləri ilə bağlı sualları gündəmə gətirir.
Rayonlarla paytaxt arasında yaranan qiymət fərqi nə ilə izah olunur? Mövcud nəzarət mexanizmləri kifayət edirmi?
Referans Media bildirir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Fuad İbrahimov qeyd edib ki, qiymət artımını qiymətləndirərkən bazar iqtisadiyyatının xüsusiyyətləri nəzərə alınmalıdır:
“Bazar iqtisadiyyatı dövlətin qiymətlərə birbaşa müdaxiləsini qəbul etmir. Lakin bu yanaşma nəzarət mexanizmlərinin tam kənara qoyulması anlamına gəlməməlidir. Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi hesabatda 2030-cu ilədək ölkənin ətə olan tələbatının yerli istehsal hesabına ödənilə biləcəyi bildirildi. Ancaq əsas məsələ yalnız istehsalın artırılması deyil, həmin məhsulun istehlakçıya hansı qiymətə çatacağıdır”.
Ekspert qeyd edib ki, hazırda mal ətinin qiyməti artıq 22-23 manata yüksəlib və mövcud yanaşma davam edərsə, gələcəkdə daha ciddi bahalaşma riski yarana bilər:
“Əsas məqsəd yalnız idxaldan asılılığı azaltmaq yox, həm də əlçatan qiymət formalaşdırmaq olmalıdır. Məsələn, Monqolustandan gətirilən qoyun əti bütün logistika və gömrük xərclərinə baxmayaraq 12-13 manata satıla bilir. Azərbaycanın da kənd təsərrüfatı potensialı var və daxili bazarda daha münasib qiymətlərin təmin edilməsi mümkündür”.
Fuad İbrahimov
F.İbrahimovun sözlərinə görə, daxili bazarda qiymətlərin yüksək olmasının səbəbləri araşdırılmalıdır:
“Fermer və heyvandarlıqla məşğul olan şəxslər biznes subyektidir və gəlir əldə etməyə çalışırlar. Lakin bazarda sağlam rəqabət olmadıqda qiymətlər sürətlə artır. Dövlət strateji məhsullar, o cümlədən un və çörək bazarında subsidiya və idxal rüsumlarının tənzimlənməsi kimi alətlərlə müdaxilə edə bilir. Ancaq bütün sahələrdə eyni mexanizmi tətbiq etmək mümkün deyil”.
Ekspert hesab edir ki, yüksək qiymətlərin əsas səbəblərindən biri tələbatın davam etməsidir:
“İstehlakçı baha olsa belə, ət almağa davam edir. Tələbat olduğu üçün satıcı da qiyməti aşağı salmağa maraqlı olmur. İnsanlar həm keyfiyyətli, həm də münasib qiymətli məhsul istəyirlər və bəzi satıcılar bundan istifadə edərək qiymətləri artırırlar. Bu problemin həlli sağlam rəqabət mühitinin formalaşdırılmasından keçir”.
Fuad İbrahimovun fikrincə, hazırda bunun üçün zəruri şərait tam formalaşmayıb:
“Kəndli və fermerlərin bazara təsir imkanları zəifdir. Bundan başqa, iri market şəbəkələrinə məhsul çıxarmaq üçün əlavə ödəniş və tələblər mövcuddur ki, bu da istehsalçının xərclərini artırır. Nəticədə bütün əlavə xərclər son qiymətə təsir edir və istehlakçının ödədiyi məbləğ yüksəlir. Rəqabətli mühit yaradılmasa, qiymətlərin aşağı düşməsi çətin olacaq. Yəni əgər vəziyyət belə davam edərsə, qiymətlər də artmağa davam edəcək”.
