Sosial şəbəkələrdə, xüsusən də “TikTok” platformasında “Massimo” mebel şirkətinin rəhbərliyinin fəryadı geniş əks-səda doğurduqdan sonra redaksiyamız məsələni dərindən araşdırmağa qərar verdi. Şirkət rəhbərliyi ilə şəxsən əlaqə saxlayaraq hadisənin təfərrüatlarını bir daha dəqiqləşdirdik. Görüş zamanı məlum oldu ki, qarşımızda duran mənzərə sadə bir borc məsələsi deyil, vəzifəli şəxsin sahibkarı boğmaq və mənimsəmə cəhdidir.
Mebel salonunda apardığımız araşdırma zamanı bütün yazışmalar, sənədlər və səs yazıları bir daha sübut etdi ki, Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov aldığı malların pulunu ödəməmək üçün hər cür çirkin yola əl atır. Türkiyədən böyük zəhmətlə gətirilən bahalı mebelləri mənimsəyən Yusifov, hələ bir üstəlik kənar “ekspertlər” gətirərək malın qiymətini süni şəkildə aşağı salmaqla sahibkarı dolandırmağa çalışır.
Dövlət Adı Altında Gizlənən Dələduzluq
Bayram Yusifovun öz qanunsuzluqlarına dövlət rəhbərliyini sipər etməsi əsas məsələdir.Şirkət rəhbərliyinə verdiyi cavablarda “Dövlət başçısı məni yaxşı tanıyır” deyən bu şəxs anlamalıdır ki, Azərbaycan Respublikasının Prezidenti dələduzların və korrupsionerlərin deyil, haqqı tapdalanan vətəndaşın və dürüst sahibkarın yanındadır. Bir “ağsaqqalın” öz şəxsi mənfəəti üçün ölkə rəhbərinin adından istifadə etməsi ən böyük mənəvi rəzalətdir.
Operativ Reaksiya və Sahibkarın Təşəkkürü
”Massimo” mebel şirkətinin rəhbəri məsələnin bu qədər tez ictimailəşdirilməsinə və operativ reaksiya verilməsinə görə dərin minnətdarlığını bildirdi. O, Azərbaycanın operativ dövlət qurumlarına və media nümayəndələrinə güvəndiyini, haqqın gec-tez yerini tapacağına inandığını vurğuladı.
Bayram Yusifovun keçmişi korrupsiya və insanları aldatmaqla bağlı məhkəmə çəkişmələri ilə doludur. Lakin bu dəfəki “mebel oyunu” onun üçün son ola bilər. Xalq artıq kimin həqiqi ağsaqqal, kimin isə vəzifə arxasında gizlənən dələduz olduğunu aydın görür.
Biz bu mövzunu diqqətdə saxlayacağıq.























